Paytaxt yollarında nəqliyyat sıxlığı təkcə şəxsi avtomobillərin hərəkətinə deyil, ictimai nəqliyyatın iş qrafikinə də təsirsiz ötüşmür.
Xüsusilə pik saatlarda tıxacda qalan avtobuslar marşrut üzrə nəzərdə tutulan vaxtda hərəkət edə bilmir, bu isə dayanacaqlarda gözləmə müddətinin uzanmasına və avtobuslar arasında intervalın pozulmasına səbəb olur. Bu baxımdan, avtobuslar üçün xüsusi işıqforların tətbiqi ictimai nəqliyyatın hərəkətini sürətləndirmək və marşrutlarda gecikmələri azaltmaq üçün yeni imkan yarada bilər.
Bəs bu sistem Bakı yollarında nəqliyyatın ümumi hərəkətinə, avtobusların intervalına və sərnişinlərin gündəlik gediş-gəlişinə necə təsir göstərəcək? Xüsusi işıqforlar avtobusların tıxacda keçirdiyi vaxtı həqiqətən azalda biləcəkmi?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, avtobusların yollarda daha çevik hərəkət etməsi üçün yalnız onlara ayrılmış zolaqların yaradılması kifayət etmir:

“İctimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə yol infrastrukturunda əlavə tənzimləyici mexanizmlərin tətbiqinə də ehtiyac var. Bu baxımdan, avtobuslar üçün xüsusi işıqforların quraşdırılması onların yollarda lüzumsuz gözləmələrinin qarşısını almağa və hərəkətin daha səmərəli təşkilinə kömək edə bilər. Avtobusların hərəkətinə mane olan problemlər müəyyənləşdirilməli, mövcud yol şəraitinə uyğun həll mexanizmləri hazırlanmalıdır”.
Ekspertin fikrincə, ictimai nəqliyyat üçün ayrılmış zolaqların təşkili bu sahədə görüləcək işlərin yalnız bir hissəsidir:
“Sistemin effektiv işləməsi üçün əlavə infrastruktur layihələrinin də reallaşdırılması vacibdir. Bu sistem avtobusların hərəkət istiqamətləri və marşrut üzrə qrafikləri nəzərə alınmaqla qurulacaq. Beləliklə, işıqforların idarəetmə mexanizmi ictimai nəqliyyatın hərəkətinə uyğunlaşdırılaraq avtobusların ayrılmış zolaqlardan daha məqsədyönlü istifadə etməsinə şərait yaradacaq”.
Sevinc

