Uşaqlar niyə virtual oyunlara bu qədər maraq göstərir?

SOSİAL
16:19 / 26.11.2026
42

Müasir dövrdə telefon və planşet oyunları uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Məktəbəqədər yaşlı uşaqlardan tutmuş yuxarı sinif şagirdlərinədək bir çoxu asudə vaxtını müxtəlif virtual oyunlarla keçirməyə üstünlük verir. Əlbəttə, hər yaş qrupunun maraq dairəsi fərqlidir kiçik yaşlı uşaqlar daha çox rəngli görüntülər, sadə tapşırıqlar və hərəkətli oyunlara yönəlir, yeniyetmələr isə strategiya, rəqabət, macəra və komanda oyunlarına maraq göstərirlər.

Bəs uşaqları virtual oyunlara bu qədər cəlb edən nədir? Onlar niyə bəzən saatlarla ekrandan ayrılmaq istəmir, oyunu dayandırmaq təklifinə isə narazılıqla reaksiya verirlər?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, virtual oyunlar uşaqlara gündəlik həyatda hər zaman əldə edə bilmədikləri bəzi hissləri yaşadır:

“Oyunda tapşırığı yerinə yetirmək, yeni mərhələyə keçmək, xal toplamaq və uğur qazanmaq uşağa özünü bacarıqlı və nailiyyət əldə etmiş biri kimi hiss etdirir. Xüsusilə real həyatda uğur qazanmaq üçün daha çox vaxt və səy tələb olunduğu halda, oyunlarda nəticəni daha qısa müddətdə görmək mümkündür.

Digər mühüm məqam isə oyunların uşaqlarda maraq və gözlənti yaratmasıdır. Bir mərhələni tamamladıqdan sonra qarşıya yenisinin çıxması, gözlənilməz mükafatlar, yeni imkanlar və rəqabət hissi uşağı oyuna qayıtmağa həvəsləndirir. Beləliklə, uşaq hər dəfə yeni nəticə əldə etmək ümidi ilə oyuna davam edir”.

417077

Həmsöhbətimiz hesab edir ki, virtual oyunlar bəzi uşaqlar üçün sosial ünsiyyət vasitəsinə də çevrilib:

“Onlar dostları ilə eyni oyunda iştirak edir, komanda qurur, bir-birinə kömək edir və ortaq məqsədə çatmağa çalışırlar. Bu baxımdan oyun uşağın yalnız fərdi əyləncəsi deyil, həm də yaşıdları ilə əlaqə qurduğu mühit ola bilər.

Bununla yanaşı, uşağın oyunlara marağını yalnız texnologiyanın cəlbediciliyi ilə izah etmək düzgün olmaz. Bəzən darıxmaq, diqqət və ünsiyyət ehtiyacı, gündəlik həyatda yaşanan gərginlik və ya özünü ifadə etməkdə çətinlik də uşağı virtual dünyaya yönəldə bilər. Oyun həmin an uşağa rahatlıq, məşğuliyyət və real həyatda çatışmayan nəzarət hissi verə bilər”.

Onun sözlərinə görə, burada valideynlərin diqqət etməli olduğu əsas məqam uşağın oyun oynaması deyil, bu marağın onun həyatında hansı yeri tutmasıdır:

“Əgər uşaq dərslərini, yuxusunu, ailə münasibətlərini və digər maraqlarını ikinci plana keçirir, oyundan ayrılarkən həddindən artıq əsəbiləşir və ekran qarşısında keçirdiyi vaxtı idarə etməkdə çətinlik çəkirsə, bu vəziyyətə diqqətlə yanaşmaq lazımdır.

Uşağı oyunlardan tamamilə uzaqlaşdırmağa çalışmaq əvəzinə, onun bu oyunlara niyə maraq göstərdiyini anlamaq daha faydalıdır. Valideyn övladının hansı oyunu oynadığını öyrənə, onunla bu barədə söhbət edə, alternativ məşğuliyyətlər təklif edə və ekran vaxtına yaşına uyğun sərhədlər qoya bilər”.

Ekspert qeyd edib ki, birlikdə keçirilən vaxt, idman, yaradıcılıq və real ünsiyyət imkanları uşağın maraq dairəsini genişləndirməyə kömək edir:

“Yəni virtual oyunlara maraq uşağın sadəcə vaxt keçirmək istəyindən daha mürəkkəb məsələdir. Burada kəşf etmək, bacardığını göstərmək, rəqabət aparmaq, ünsiyyət qurmaq və özünü uğurlu hiss etmək kimi müxtəlif ehtiyaclar bir araya gəlir. Əsas məsələ uşağın virtual dünyadan zövq alması ilə real həyatda yaşamağı, öyrənməyi, ünsiyyət qurmağı və başqa maraqlarını inkişaf etdirməsi arasında sağlam tarazlığın qorunmasıdır”.

Sevinc

0