Öz biznesini qurmaq və şirkət sahibi olmaq bir çox insanın arzusudur.
Lakin uğurlu şirkət yaratmaq yalnız yaxşı ideyaya və ilkin kapitala sahib olmaqla bitmir. Bu yolda düzgün planlaşdırma, bazarın tələbatını öyrənmək, maliyyə imkanlarını real qiymətləndirmək və gələcək riskləri əvvəlcədən nəzərə almaq vacibdir. Bəzən yaxşı ideya belə düzgün idarəetmə və strategiya olmadıqda uğursuzluqla nəticələnə bilər.
Bəs öz şirkətini qurmaq istəyənlər hansı məqamlara xüsusi diqqət yetirməli, hansı səhvlərdən çəkinməlidirlər? İlk addımdan etibarən biznesin dayanıqlı olması üçün nələri nəzərə almaq lazımdır?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, şirkət qurmaq fərdi sahibkarlıq fəaliyyəti ilə müqayisədə daha mürəkkəb prosesdir:
“Bu zaman bir sıra vacib məqamlar əvvəlcədən nəzərə alınmalıdır. Fərdi sahibkarlıqla məşğul olmaq nisbətən daha asandır. VÖEN açaraq fəaliyyət istiqamətini müəyyənləşdirir və işə başlaya bilirsən. Ancaq şirkət qurmaq daha ciddi yanaşma tələb edir. Bunun üçün ilk növbədə yaxşı biznes plan və maliyyə mənbələri olmalıdır”.

Ekspertin sözlərinə görə, şirkət yaratmaq istəyən şəxs fəaliyyət göstərəcəyi sahəni ətraflı araşdırmalı, bazardakı rəqabəti və hüquqi tələbləri öyrənməlidir:
“Hansı sahədə fəaliyyət göstəriləcəksə, həmin istiqamət üzrə bazar araşdırması aparılmalıdır. Rəqabətin səviyyəsi, vergilər, dövlət rüsumları, fəaliyyət üçün icazə və ya lisenziyanın tələb olunub-olunmaması müəyyənləşdirilməlidir.
Bütün bu suallara əvvəlcədən cavab tapmaq lazımdır. Çünki şirkət qurmaq müxtəlif parametrlərdən asılı olan ciddi prosesdir və bu barədə ümumi şəkildə, bütün hallara uyğun məsləhət vermək asan deyil”.
Sevinc

