Bəzi adamlar üçün təşəkkür etmək niyə çətindir?

SOSİAL
15:45 / 21.08.2026
208

Müasir dövrdə gündəlik ünsiyyət mədəniyyətində ən sadə, lakin ən dəyərli diqqət jestlərindən biri olan təşəkkür etmək vərdişinin tədricən zəiflədiyinin şahidi oluruq.

 
İnsanların böyük bir qismi “sağ ol” deməyi sanki lazımsız bir yük hesab edir, hətta bunu dilinə gətirməyə ərinir. Ən acınacaqlı məqam isə odur ki, bəzi fərdlər minnətdarlıq bildirməyi səmimiyyət və nəzakət göstəricisi kimi deyil, zəiflik və ya acizlik olaraq qəbul edirlər. Özünə qapanmış bu düşüncə tərzi insan münasibətlərində soyuqluq yaradır, qarşılıqlı hörmət hissini aşındırır. 

Halbuki kiçik bir minnətdarlıq sözü insanları bir-birinə yaxınlaşdıran, edilən yaxşılığın dəyərini artıran ən güclü sosial bağlardan biridir. Təşəkkür etməkdən qaçmaq və ya bunu özünü aşağılamaq kimi görmək əslində şəxsin daxili eqosunun və mənəvi kasıblığının göstəricisidir. Nəticədə, nəzakət qaydalarının belə arxa plana keçməsi cəmiyyətdə empatiya hissinin azalmasına və emosional özgəninkiləşməyə yol açır.

Maraqlıdır, müasir dövrdə nə üçün bəzi insanlar təşəkkür etmək istəmirlər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən klinik psixoloq Xəyalə Xasməmmədli bildirib ki, bu fikrin arxasında müxtəlif səbəblər dayanır:


“Hər kəsin təşəkkür etməməyinin səbəbi eyni deyil. Bəzən utancaqlıq, vərdişlər, xarakter xüsusiyyətinə görə minnətdarlığını ifadə edə bilmir. Lakin bunu bilmək lazımdır ki, qarşı tərəfin bizim üçün etdiyi yaxşılığı qəbul etdiyimiz kimi, dəyərini qiymətləndirmək də lazımdır. 

Əgər insan başqalarının köməyini öz haqqı kimi qəbul edirsə, təşəkkür etməyə ehtiyac duymur. Çünki onun düşüncəsində qarşı tərəf sadəcə öz vəzifəsini yerinə yetirib. Uşaq ikən valideynlər təşəkkür etməyi nümunə göstərməyiblərsə, insan bunu təbii davranış kimi qəbul edə bilər”. 

Ekspert qeyd edib ki, bəzən də insanlar qarşı tərəfi qiymətləndirməklə ona üstünlük vermək və ona qarşı borclu hiss etməkdən ehtiyyat edirlər: 
“Bu isə sağlam özünə inamın olmamağından, daxili güvənsizliyin mövcudluğundan xəbər verir. Özünə güvənən insanlar minnətdarlığını etiraf etməkdən çəkinmir. Bəzən yaxşılığa öyrəşmək də minnətdarlığın edilməməsinə gətirib çıxarır. Təşəkkür etmək emosional yetkinliyin göstəricisidir. Güclü insan bilir ki, minnətdarlıq bildirmək onun gücünü azaltmır. Əksinə, münasibətləri gücləndirir və aradakı hörməti artırır”.

Pərviz

0