Küçə adamlarının yalançı həyat hekayələri

ÖLKƏ
13:38 / 16.06.2022
1694

Orxan Saffari

Azərbaycanda şifahi xalq ədəbiyyatının olması, bir az da genetik olaraq qeybətə, dedi-qoduya bağlılığımızdan da irəli gəlir, məncə. Yəni, əslində, qonşudakı arvadlarda o qədər də günah yoxdur. İndi günah deyirəm, bu günah da deyil. Əvvəl bu formada olmayıb ki. Sadəcə, zamanla mutasiyaya uğrayıb, keçib eyvanlara, pəncərələrə, müasir dövrdə də telefonlara. Bu dediyim qeybətə, dedi-qoduya aiddir. Düşünürəm və dilim-dilim olmuş dilimə gətirirəm ki, bu işləri bizdən yaxşı heç kim bacara bilməz. Hərəkət, mənzərə pis olsa da, bu işin ustadları, peşəkarlarıyıq. Söz qoşmaqdı, söz çıxartmaqdı, hamısı, hamısı bizlikdir. Bunun özü də istedad tələb edir ki, bizim də istedadlı xalq olmağımıza söz yox. Özü də, söz sahəsində. 

Azərbaycanlıların ən sevimli məşğuliyyətlərindən biri də, tanımadığı, bilmədiyi insanlara həyat hekayəsi düzəltməkdir. Özü də, çox istedadlı, inandırıcı bir şəkildə. Bu, bir az da artıq əyləncəyə çevrilib. Niyə bu cür olur, səbəb nədir, bununla həmin adamların əlinə nə keçir? məlum deyil. Di gəl, hekayəsini düzəltdiyi adamın da, özünün də xəyallarıdır, yükləyir başqasına. Bəlkə də, yaşamaq istədiyi həyatı başqasına yükləməkdir bu. Bir az da psixoloji qatları var, məncə. Azərbaycanlılar danışmağa söz tapmayanda, başlayırlar kiminsə adına söz çıxartmağa. Təki mövzu olsun, söhbət olsun, vaxt getsin deyə. 

Heç nə yox, gəlin, adi, ziyansız bir söz çıxartmağa baxaq. 

Məsələn, yəqin, sizlər də eşitmisiniz. Məhlələrdə olan bomjların, parklarda yatan evsiz-eşiksiz adamların bir zamanlar milyoner, tanınmış adam olmasını. Həmin adamların əvvəlki həyatını heç kim bilmir, heç kim onları tanımır, amma hamı haqqında əminliklə danışır ki, bir zamanlar belə olub. Bu necə olur? Söz "ustadlarından" biri nədənsə, özü də niyə etdiyini bilmədiyi halda başlayır hekayə quraşdırmağa ki, bəs, siz bilmirsiz, bu keçmiş dövlət işçisidir, gizli vəzifəsi olub. Yaxud da, biznesmen olub, pulunu qoymağa yer tapmırmış, yaxınları bu hala salıb zad. 

Bilirəm, siz də belələrini tanıyırsınız. Düzdü, az da olsa var belələri. Mən özüm keçmiş hərbi mayor, polis işçisi, özü, ailə üzvləri milyoner olan adamlar tanıyıram ki, indi bomjdur, amma bu, o demək deyil ki, ucdan tutma hamısı belədir. Amma biz qoymuruq ki, bircə nəfər də bomj elə əzəldən belə olsun. Sanki onları o cür düşünüb özümüzü ovundururuq. 

Bir dəfə 20-ci sahənin "vtaroy" adlanan ərazisində oturmuşduq. Susqunluq idi, birdən orda gördüyü bomja, bir dostumuz həyat hekayəsi qurmağa başladı. Bəs, siz bilmirsiz, bu adam dünyanın hər yerində olub, memar işləyib, Bakıda da nə qədər obyekti. Anası ilə bacısı birləşib bunu bu hala salıblar. Dostumuzdan əvvəlcə hardan bildiyini soruşdum, verdiyi cavab da qane elədi, amma yenə də içimə qara düşdü. Yəni, həqiqətənmi məsələ bu qədər acınacaqlı və sadədir? Sonra məlum oldu ki, yalan söhbətdi, dostumuz da niyəsə yəqin edib, durduq yerə belə danışıb. Amma görün, necə də inandırıcıdır. Həm belə hadisələr baş verir, verə bilər, həm də artıq o adamların adına nə desən, üstlərinə yapışır. 

Vəziyyət o yerdədir ki, bomjların özləri də az qala buna inanır, içəndən sonra danışmağa başlayır ki, mən elə olmuşam, belə olmuşam. Xüsusi ilə sevgi məsələsindən sonra bu günə düşənlər də az deyil. Onların da ayrıca hekayəsi var. 

Bəlkə də, bu, bütün bunlar xalqımızın söz, yazı qabiliyyətindən irəli gəlir. Aşağı-yuxarı şifahi xalq ədəbiyyatıdır, müasir hekayələrin də sujet xəttidir. Həm də yazının əvvəlində söz açdığım qeybət, dedi-qodu söhbətlərindən. 

Mənə bu cür adamlarla bağlı son olaraq bu məsələdə bağlıdır ki, əksəriyyətimiz beləyik. Bir az soyuq olsa, nə bilim, yeməyi-içməyi qarışdırsaq, neçə gün altın çəkərik, birtəhər olarıq. Bəs, görəsən, Azərbaycandakı bomjlara niyə heç nə olmur? Niyə xəstələnmir, ölmürlər? Soyuq yerdə yatır, əksərən zir-zibil yeyir, spirt içir, bir sözlə, vəziyyətləri göz qabağında. Di gəl, heç birinin boğazı gəlməz, qızdırması qalxmaz, öskürməz, bildiyiniz zərrə də xəstələnməz. Niyə?!

0