Azərbaycanda dövlətin şəkərli diabet xəstələrinə göstərdiyi sosial dəstək və tibbi təminat mexanizmləri daha geniş və müasir mərhələyə qədəm qoyur.
Nazirlər Kabinetinin yeni qərarı ilə 2005-ci ildən qüvvədə olan normalar yenilənərək ölkədəki 270 mindən çox diabet pasiyentinin dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təminat imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Bu sosial təşəbbüsün maliyyə dayanıqlığını artırmaq məqsədilə proqram üzrə ayrılan vəsaitin 2027-ci ildə 51 faiz artırılaraq 104 milyon manata çatdırılması nəzərdə tutulur.
Yeniliklərə əsasən, pasiyentlərə verilən insulin miqdarı sabit rəqəmlə deyil, fərdi tibbi ehtiyaclara uyğun müəyyən ediləcək və şəkərsalıcı dərmanların gündəlik təminat norması artırılacaq. Xüsusilə azyaşlı və yeniyetmə pasiyentlərin həyat keyfiyyətini yüksəltmək üçün onlar ilk dəfə dövlət təminatı çərçivəsində müasir insulin pompaları və qlükozanı fasiləsiz izləyən sensorlarla təchiz olunacaqlar. Eyni zamanda, müasir preparatların siyahıya daxil edilməsi və reseptlərin tam elektronlaşdırılması vətəndaşların tibbi xidmətlərə əlçatanlığını və müalicə prosesinə nəzarəti asanlaşdırır.
Dövlətin bu istiqamətdə atdığı addımlar ailələrin müalicə və gündəlik tibbi ləvazimatlara çəkdiyi maliyyə yükünü ciddi şəkildə azaltmağa xidmət edir. Bütün bu islahatlar şəkərli diabetlə mübarizədə fərdi yanaşmanı gücləndirməklə yanaşı, vətəndaşların sosial rifahının və sağlamlığının qorunmasına verilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
Həkim Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, dövlət hər zaman şəkərli diabeti olan xəstələrinə yardımlar göstərir:
“Hər rayondakı poliklinikada endokrinoloji kabinetləri var. Həmin endokrinoloji kabinetlər şəkərli diabeti olan xəstələrə dərman vasitələri ilə yardım edirlər. Dərmanların böyük əksəriyyətini xəstələr, şəkərli diabet xəstələri pulsuz şəkildə alırlar. Sonra poliklinikada müayinələrdən keçirlər, dərman vasitələrini də pulsuz şəkildə alırlar”.
Həkim qeyd edib ki, indi isə dövlətin bu dəstəyi daha da artılır:
“Üstəlik, dərmanların qiyməti dövlət tərəfindən ödənilir. Yeni qərardan sonra isə şəkərli diabet xəstələrinə olan yardımlar daha da artırılacaq. Onlara sığorta məsələsindən, tibbi yardımlarına və dərmanlarına qədər hər birində dəstək veriləcək. Bu səbəbdən də yeni qərarı çox müsbət qiymətləndiririk”.
Pərviz



