“Cənubi Qafqaz ciddi geosiyasi bir məkandır”

SİYASƏT
17:36 / 08.09.2020
762

“Azərbaycan gərək bütün tərəflər ilə daha çox enerji, hərbi və siyasi əməkdaşlıq mərhələsinə keçsin, yaxud Ermənistanı reallıqlarla tanış etsin”.

Hit.az Ann.az-a istinadən xəbər verir ki, bunu ictimai-siyasi mütəxəssis Yadigar Nağıyev deyib. 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanı müharibəyə sövq edirlər:

“Cənubi Qafqaz sahib olduğu yeraltı və yerüstü sərvətləri ilə yanaşı, həm də ciddi geosiyasi bir məkandır. Bu məkan demək olar ki, bütün dövrlərdə böyük dövlətlərin marağına səbəb olub. Bu çərçivədə, Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqaza NATO və Avropa İttifaqının təsiri daha da artıb. Cənubi Qafqazda yerləşən Gürcüstan, Ermənistan və Azərbaycan özlərini bu təsirdən mühafizə etməyə çalışsa da, 2008-ci ildə Gürcüstan bu qüvvələrin təsiri altına salınaraq, 3 hissəyə parçalanıb. Gürcüstanda yaşanan bu dalğanın təsirləri hər nə qədər Ermənistan və Azərbaycan istiqamətinə sıçrasa da, hər iki dövlət sahib olduğu mühafizəkar ideologiya istiqamətində öz maraqlarını mühafizə etməyi bacarıblar. Lakin bu formada mühafizənin və hər iki dövlətin Rusiya və İran ilə dinamik münasibətlərinin mövcudluğunu NATO, Avropa İttifaqı kimi təşkilatlar müsbət qarşılamayıb”. 

Y.Nağıyev bildirib ki, NATO və Aİ bunu ortadan qaldırmaq üçün hər iki dövləti müharibəyə təhrik etməkdədir: 

“Bu prosesə Azərbaycandan fərqli olaraq, Ermənistan qoşulub. Ona görə də dəfələrlə Azərbaycan sərhədləri istiqamətində atəşkəsi pozaraq bu məkrli siyasətə xidmət ediblər. Azərbaycan tərəfi isə balanslı siyasət apararaq, çoxtərəfli münasibətlər çərçivəsində suverenliyini qoruyur. Qeyd edilən nüansları görən Azərbaycan müxtəlif platformalarda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunu müdafiə etməklə, Cənubi Qafqazı bu riskdən qorumaqdadır. Fəqət, buna Ermənistan tərəfi əngəllər törədərək, həm öz dövlətini, həm də Azərbaycanı təhlükəyə atmaqdadır. Çünki gizli qüvvələrin də istəyi məhz Cənubi Qafqazda demokratikləşmə adı altında müstəmləkə sistemini qurmaqdır. Məsələyə realizm nəzəriyyəsindən baxdıqda isə bu, ciddi bir problem və təhlükədir. Məhz bunun üçün Azərbaycan gərək bütün tərəflər ilə daha çox enerji, hərbi və siyasi əməkdaşlıq mərhələsinə keçsin, yaxud Ermənistanı reallıqlarla tanış etsin. Əks təqdirdə, Cənubi Qafqazı gələcək 5-10 illikdə sabit görmək mümkün deyil”.

0