Faciədən zövq aldıran sənətkar: onun aktyorluq sevgisi ruhuna hopmuşdu

MƏDƏNİYYƏT
18:33 / 03.02.2024
408

Onun adı çəkiləndə ilk yada düşən “Topal Teymur” obrazı olur. Elə ustalıqla gəlib ki, rolunun öhdəsindən, "Topal Teymur”un haqqını verib desək, yanılmarıq. O səs, o ifa, qəddi-qamət, bir sözlə, hər şey bir-birini tamamlayır onun ifasında. Azərbaycan teatr və kino sənətində öz imzasını həkk etməyi bacaran sənətkar, Əməkdar artist Hamlet Xanızadə.

Publika.az xəbər verir ki, sənətkarın bu gün anım günüdür.

Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. Hələ məktəb illərindən fitri istedadı balaca Hamletin aktyorluq məharətini üzə çıxarıb. Atası Bəbir kişi isə onu heç vaxt aktyor kimi görmək istəmirdi. Buna baxmayaraq, o, oğlunun bu həvəsinin qarşısında sədd çəkə bilməyib. Balaca Hamletin daxilindəki aktyorluq istedadı və bacarığı onu böyük səhnələrə apara bildi. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olaraq, o dövrün böyük sənətkarlarından aktyorluq sirrlərini öyrənməyə başladı. Elə tələbəlik illərindən önda olan fitri istedad ətrafındakılarının da nəzərindən qaçmadı. Universitetin Tədris teatrında yaratdığı rollarla müəllimlərinin də, tələbə yoldaşlarının da sevgisini qazana bilirdi. Çünki Hamlet Xanızadə bütün varlığı ilə sənətinə vurğun idi, onun ruhu aktyorluq sevgisi ilə qidalanırdı.

1961-ci ildə Hamelt Xanızadə aktyor kimi Akademik Dram Teatrına işə qəbul olunur. Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda özünəməxsus, unudulmaz obrazlar təqdim edərək ürəklərdə qalmağı bacarır. Akademik Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yarada bildi.

“İblis nədir? - Cümlə xəyanətlərə bais.

Ya hər kəsə xain olan insan nədir? – İblis”

Hamel Xanızadənin özünəməxsus səs tembri ilə bu misralar bir başqa təsir edir insana. Çətin ki, o səsdən bir də eşidilə…

Ən azı teatrda olduğu qədər kinoda da uğurlu idi böyük sənətkar.

İlk dəfə "O qızı tapın" filmində kinorejissor Həsən Seyidbəyli çəkmişdi onu. Oynadı, özünü təsdiq etdi və rollarının ardı-arası kəsilmədi… "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı bənzərsiz rolları ilə öz möhürünü vura bildi hər bir obrazına. 70-dən çox kinoda maraqlı, yaddaqalan və bu günə kimi sevilərək baxılan müxtəlif rollara həyat verib zamanında Hmalet Xanızadə.

Sənətkar hər zaman ürəyincə olan, ona "yaraşan" rollar arzulayıb və onun yaradıcılıq qalereyasına nəzər salanda görürsən ki, buna nail ola bilib də. Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Hamlet Xanızadə ömrünün son günlərinə qədər əzmlə, sevgi ilə işləyirdi.

Müsahibələrinin birində sənətkarın qızı deyib ki, “Atam Xalq artisti adına layiq görülmədi. İki dəfə Əməkdar artist adı aldı. Atam o adı almağı çox istəyirdi. Uşaq idim, o zaman başa düşmürdüm. Bəlkə də teatrdan getməyi onun Xalq artisti adına layiq görülməməsinə səbəb oldu. Çünki gözləyirdi və inanırdı”...

Teatrdan uzaqlaşandan sonra baş verən 20 yanvar hadisələri də aktyorun səhhətinə pis təsir edir. 20 yanvar hadisələrin səhəri günü Hamlet Xanızadə dostları ilə birgə şəhərin mərkəzinə gedir. Oradakı yaralıların daşınmasına, meyitlərin tapılıb ailəsinə verilməsinə köməklik edir. Lakin çox keçmir ki, aktyorun qəlbi baş verən hadisələrə tab gətirmir. Qızı müsahibələrinin birində həmin günləri belə xatırlayır:

“20 Yanvar hadisəsi olan günü atam qonşularımızla birgə yığışıb şəhərə getdilər. Səhəri gün rəngi boğulmuş, qapqara vəziyyətdə hardansa qayıdıb gəldi. İnsanların ölümü, küçələrdəki meyitlər, şəhərdə baş verən qırğın onu dəhşətli dərəcədə sarsıtmışdı. Hər gün Şəhidlər Xiyabanına gedirdi, evə də gələndə nə çörək yeyərdi, nə söhbət edərdi. Hətta televizoru yandırmağımıza da icazə vermirdi”.

Ölümündən iki gün əvvəl ailə üzvlərini də götürüb doğulub boya-başa çatdığı Şağan kəndinə gedir. Qohum-əqrəbasının hamısı ilə görüşüb, söhbət edir, hətta 20 Yanvar hadisələrindən danışıb ağlayır. Növbəti gün yenidən Şəhidlər xiyabanına gedəndə orda qəfildən halı pisləşir, başından ağrı tutur. Dostları onu evə gətirəndə məlum olur ki, aktyorun beyninə qan sızıb. Həmin gün xəstəxanaya yerləşdirilən aktyor ertəsi gün fevralın 3-də 49 yaşında dünyasını dəyişib. Sənətkar özünün vəsiyyət etdiyi kimi doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib. Qızının sözlərinə görə, yas mərasiminə o qədər insanlar gəlib ki.. Sadə xalq.. Özü kimi.. Bəlkə də Azərbaycanın hər bölgəsindən yasa gələnlər var idi…

Bir insan övladı üçün çox da böyük yaş sayılmır 49… Bu qısa zaman kəsiyinə Hamlet Xanızadə bir ömrə bədəl həyatı sığışdıra bildi. İstər insanlığı, mərdliyi, dürüstlüyü ilə, istərsə də bu gün obrazlarını izləyərkən yeri görünən böyük aktyor, sənətkar kimi.

Qızı deyir ki, hər doğum günündə, həm də anım günündə müxtəlif paylaşımlar olunur. O qədər isti, gözəl sözlər yazırlar ki. Çox duyğulanıb, fərəhlənirik. O tam başqa bir hissdir. Bu sevgidir, bu hörmətdir. Bu hər sənətkara nəsib, qismət olmayan sayğıdır. Nə yaxşı ki, bu dünyadan bir Hamlet Xanızadə gəlib, keçdi…

0