Türk seriallarının çox izlənməsinə təsir edən 4 SƏBƏB 

MƏDƏNİYYƏT
20:08 / 17.05.2024
694

Dünyada Türkiyə seriallarını izləyənlərin sayı durmadan artmaqdadır. 

Hazırda türk serialları dünyanın 150 ölkəsinə ixrac olunur. Dünya miqyasında qardaş ölkənin seriallarını izləyənlərin sayının 750 milyondan çox olduğu deyilir. Bəzi mənbələr isə bu rəqəmin 1 milyard izləyiciyə çatdığını söyləyir. Üstəlik, dünyanın müxtəlif ölkələrində yaşayan insanlar bu serialları orginal dilində və dublyajı gözləməmək izləmək üçün türk dillini öyrənirlər. Deməli, seriallar ölkənin dilinin yayılması üçün də müstəsna rol oynayır. 

Türkiyənin dünyaya satdığı seriallardan illik gəliri isə 650 milyon dollardır. Qardaş ölkə ABŞ və İngiltərədən sonra serialları dünyada ən çox izlənən üçüncü ölkədir. 

Bəs Türkiyə seriallarını bənzərsiz edən əsas faktorlar hansılardır? 

1. Aktyor / Aktrisalar
Türkiyədə çox sayda məşhur aktyor və aktrisalar var. Onları sosial şəbəkələrdə izləyənlərin sayı da milyonlarladır. Hətta bəziləri onmilyonlarla izləyici kütləsinə xitab edir. Əlbəttə ki, bu da seriallara da ciddi mənada təsir göstərir. 

Çox vaxt istər Türkiyədə, istərsə də dünyada hansısa serialı məsələn Çağatay Ulusoyun serialı, Beren Saatın serialı olduğu üçün izləyirlər. Bu səbəbdən də rejissorlar serialların baş rolları üçün çox populyar olan isimləri seçirlər. 

Amma burada türkiyəli aktyor və aktrisaların necə böyük istedada sahib olduqlarını qeyd etmək lazımdır. Hazırda qardaş ölkədə dünya səviyyəli bir çox oyunçu var. Onlar, obrazları elə gözəl canlandırırlar ki, sanki yaşayırlar. Bu da öz növbəsində serialın izləyənlərin sayını artıran əsas amillərdən biri kimi ön plana çıxır. 

2. Rejissorlar
Burada rejissor əməyini də xüsusi vurğulamaq yerinə düşər. Çünki türkiyəli rejissorlar səhnələrə çox fərqli rakurslardan baxa bilirlər. İzləyicilər bir sonrakı səhnədə nə baş verəcəyini təxmin etməkdə çətinlik çəkirsə, bu, rejissorun işini qüsursuz gördüyündən xəbər verir. 

O da bir reallıqdır ki, qardaş ölkənin rejissorları illər keçdikcə daha da inkişaf edirlər. Türkiyəli rejissorların yenilikçi olması və öz üzərlərində çalışmaları onların çəkdiyi seriallara da müsbət təsir göstərir. 

3. Ssenari 
Serialın baş rolları nə qədər məşhur, rejissorlar nə qədər təcrübəli olsa da yaxşı ssenari olmasa izləyici toplaya bilməyəcək. Yüzlərlə belə nümunə var. Lakin qardaş ölkənin dünyada səs gətirən saysız-hesabsız seriallarının da olduğunu söyləmək lazımdır. 

Burada isə əsas yük ssenaristlərin üzərinə düşür. Çünki hər həftə izləyicilərin marağına səbəb olacaq hekayələr yazmaq və bunu davamlı şəkildə etmək çox mürəkkəb məsələdir. 

Amma türkiyəli ssenaristlər bu işin öhdəsindən məharətlə gəlirlər. Türk serialları izləyərkən bölümün sonunda və ya növbəti bölümlərdə nələr olacağını proqnozlaşdırmaq olmur. Bu da ssenarilərin necə unikal olduğundan xəbər verir. Əgər belə olmasaydı, dünyada izlənilən türk seriallarının sayı gün keçdikcə daha da artmazdı. 

4. Musiqi
İzləyicini serial izləyərkən yorulmağa və darıxmağa qoymayan əsas nüanslardan biri də heç şübhəsiz ki, musiqilərdir. Türkiyədə serial bəstəkarlığı çox mühüm peşə hesab olunur. Çünki serial bəstəkarları hər obraz, səhnə və istənilən vəziyyət üçün ayrıca musiqi bəstələyirlər. 

Bu da öz növbəsində serialın marağını olduqca artırır. Hətta bu musiqilər o qədər gözəl və yaddaqalan olur ki, illər keçsə belə unudulmur. Təbii ki, bu da bəstəkarın işinə necə peşəkarcasına yanaşdığını göstərir. 

Pərviz

0