Bayden-Putin qarşıdurması Azərbaycana necə təsir göstərəcək? - Ekspert açıqladı

SİYASƏT
12:50 / 18.03.2021
2406

ABŞ prezidenti Co Bayden ölkəsində seçkilərin saxtalaşadırılması faktında Rusiyanın iştirakı təsdiqlənərsə, Vladimir Putinə şəxsən xəbərdarlıq edəcəyini bəyan edib və onu "qatil" adlandırıb. Beləliklə, iki ölkə arasında münasibətlər daha da gərginləşib. 

Maraqlıdır, ABŞ-Rusiya münasibətlərinin gələcəyini nə gözləyir? Bəs bu münasibətlər fonunda Azərbaycan və Türkiyə hansı mövqeyi tutacaq, nə itirib, nə qazana bilərik? 

HİT.Az-ın bu və digər suallarını siyasi şərhçi Mübariz Göyüşlü cavablandırıb.

Ekspert hesab edir ki, ABŞ prezidenti Baydenin belə sərt fikirlərlə çıxış etməsi təsadüfi deyil:

“ABŞ Rusiyayla yumşaq dillə, diplomatik üsullarla danışmaq siyasətini sərt üsluba dəyişdirir. Necə deyərlər, Rusiyanın nazyıla oynamaq fikrində olmadığını nümayiş etdirir. Baydenin Putini “Qatil” adlandırması üslubun daha da sərtləşəcəyini göstərir. Putin Rusiyasının yürütdüyü siyasət ABŞ-da, hərbi-siyasi elitada hər zaman narazılıq doğurub. Sadəcə, Amerikada Rusiyayla dost kimi davranmaqla, yoxsa sıxışdırmaqla zərərsizləşdirmək fikirləri müzakirə predmeti olub. Görünür, Vaşinqtonun indiki admnistrasiyası sıxışdırmaq, sanksiyaları daha da sərtləşdirmək siyasətinə daha çox üstünlük vermək fikrindədir. 

Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə cəhdləri, Vaşinqton üçün həyati əhəmiyyət daşıyan regionlarda vəziyyəti öz xeyrinə dəyişdirmək istiqamətində aktiv çabaları, NATO üzvü olan Türkiyəyə silah satması, onu öz tərəfinə çəkməyə çalışması, Putinin proqnozlaşdırılması çətin olan daxili və xarici siyasəti, Rusiyanın silah bazarında üstünlük saxlama fəaliyyətləri və s. məqamlar ABŞ-ın səbr kasasını daşırıb. Ona görə də, Amerika elitası Bayden vasitəsilə sərt şəkildə Rusiya üzərinə basqıları artırır”, - deyə o bildirib.

Mübariz Göyüşlü bildirib ki, Rusiyada sistemdən kənar müxalifət elan olunmuş Aleksey Navalnının Rusiyaya qəfildən dönməsi, əhalinin müəyyən bir qrupunu Putinin əleyhinə qaldırması, ictimai narazılığı daha da gücləndirməsi kimi önəmli siyasi prosesdə ABŞ-ın əli olmamış deyil. Bu aksiyalar, Navalnının yenidən fəallaşması Qərbin, o cümlədən ABŞ-ın Rusiyaya açıq-aşkar təzyiqi, Putinə xəbərdarlığı idi. Rusiyanın forpostu olan Ermənistan kimi miskin bir dövlətin Baş nazirinin Rusiyanın hərbi sənayesinə qarşı işlətdiyi ifadələr, onun gücünü sarsıtmağa çalışması da Qərbin, o cümlədən ABŞ-ın aktivliyindən xəbər verir”.

ABŞ-Rusiya münasibətlərinin gələcəyi regionda başqa siyasi blokların güclənməsinə də səbəb olacaq. 

Mübariz Göyüşlü bu fonda baş verə biləcək hadisələri belə proqnozlaşdırıb:

“Rusiya-Türkiyə yaxınlaşması, NATO-dan, Qərbdən bəzi məqamlarda incik qalan Türkiyənin Rusiyaya meyllənməsi də Amerikanı narahat etməyə bilməz. Türkiyə kimi güclü, regionda və dünyada nüfuzu olan bir dövlətin Rusiya ilə dostluq münasibətləri Vaşinqtonda narahatlıqla izlənilir. Əlbəttə, burada Türkiyə lideri Ərdoğanın qətiyyətli və müstəqil siyasət yürütməsi rol oynayırsa, eyni zamanda, Rusiyanın da dostluq davranışları prosesi sürətləndirir. ABŞ-da bütün bunlara görə əsasən Putini günahkar bilirlər. ABŞ-ın sanksiyaları daha da sərtləşdirəcəyi, Rusiya əleyhinə olan bütün fəaliyyətləri aktivləşdirəcəyi və dəstəkləyəcəyi artıq faktdır. Bu gedişat dünyada, o cümlədən də bizim regionda gərginlikləri artıracaq. 
Çünki Türkiyə də, Cənubi Qafqaz da hər iki dövlətin xüsusi marağında olan bölgələrdir. Neftdən və silah satışından asılı olan zəif büdcə ilə, zəif iqtisadiyyatla Rusiyanın ABŞ-a qarşı çox ciddi müqavimət göstərə biləcəyi inandırıcı deyil. ABŞ-ın iqtisadi, siyasi, hərbi gücü danılmazdır. Ona görə də, rəsmi Vaşinqton bütün təsir rıçaqlarını işə salmaqla Rusiyanın dizini yerə gətirməyə, mümkün olarsa, Putini devirməyə, loyal bir şəxsi hakimiyyətə gətirməyə, mümkün olmazsa, zəiflədilmiş Putin Rusiyası ilə dialoqu genişləndirməyə, ona öz istəklərini qəbul etdirməyə çalışır. ABŞ-ın buna qısa müddətdə və tam bir şəkildə nail olacağı inandırıcı deyil. Amma qarşıya qoyulan məqsədlərə əsasən çatılacağı mümkündür. Çünki ABŞ bu məsələdə qərarlı görünür. 

Rusiya isə hazırda çox zəif durumdadır və Vaşinqtonun planlarını həyata keçirmək üçün münbit şərait var. Daha real nəticələri biz, yəqin ki, yaxın vaxtlarda görə biləcəyik. Qarşıdurmanın qeyd etdiyim kimi, bizim bölgələrə təsiri də olacaq. Hər iki dövlət buranı daha çox öz təsiri altına almağa çalışacaq. Lakin bunun mənfi təsirlərinin həm Azərbaycan, həm də Türkiyə tərəfindən neytrallaşdırılacağına da inanıram. Çünki bizim dövlətlərimiz tarixində olmadığı kimi güclüdür və əlaqələrimiz, qarşılıqlı dəstəklərimiz də çox sıxdır”.

İlhamə

0