Bəzən bir xalqın tarixini anlamaq üçün qalalarına, qədim abidələrinə baxmaq kifayət etmir.
Elə mədəni dəyərlər var ki, onlar nəsillərin yaddaşını bir parça parçanın üzərində yaşadır. Azərbaycan kəlağayısı da məhz belə dəyərlərdəndir. Onun naxışlarında zövqümüz, rənglərində duyğularımız, nəsildən-nəslə ötürülən ənənəsində isə kimliyimiz yaşayır.
Bu gün müasir geyim dəbi sürətlə dəyişsə də, kəlağayı öz mənəvi dəyərini qoruyub saxlayır. O, sadəcə baş örtüyü deyil, həm də Azərbaycan qadınının həyatına, ailə ənənələrinə, sevincinə və kədərinə şahidlik edən mədəni irs nümunəsidir. Kəlağayıya münasibət əslində keçmişimizə, köklərimizə və milli kimliyimizə münasibətdir.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, kəlağayı yalnız milli geyim elementi deyil, Azərbaycan qadınının tarixini, mənəvi dünyasını və cəmiyyətdəki yerini anlamaq üçün də bir mədəniyyət açarıdır:

“Kəlağayının rənglərində xalqın estetik zövqü, naxışlarında sənətkarın təxəyyülü, nəsildən-nəslə ötürülməsində isə keçmişlə gələcək arasında qurulan mənəvi bağ var. Azərbaycan qadınının geyim mədəniyyətində özünəməxsus yer tutan kəlağayı zaman keçdikcə məişət çərçivəsini aşaraq milli kimliyin ifadəsinə çevrilib. Bu ipək örtüyün arxasında həm də qadınların həyat tərzi, ailə ənənələri, sevinc və kədər anları, sənətkarlıq bacarıqları dayanır. Tarixin müxtəlif dövrlərində qadının cəmiyyətdəki mövqeyi eyni olmayıb”.
Psixoloq qeyd edib ki, qadının imkanları, təhsil almaq şəraiti, ictimai həyata qoşulmaq imkanları zamanla dəyişib:
“Lakin qadının ailədə və cəmiyyətdə daşıdığı mənəvi yük, mədəniyyətin qorunmasında oynadığı rol həmişə əhəmiyyətli olub. Kəlağayı bu mənada qadın tarixinin səssiz şahidlərindən biridir. O, nənədən anaya, anadan qıza ötürülən ənənənin bir hissəsi olub. Bir çox ailədə kəlağayı yalnız geyinilən əşya deyil, həm də xatirə, yadigar və mənəvi bağlılıq daşıyıcısı kimi qorunub. Onun bir qadının sandığından digərinin çiyninə keçməsi bəzən bütöv bir nəslin hekayəsini özündə birləşdirib”.
K.İsmayılova onu da əlavə edib ki, Azərbaycan qadınının tarixini yalnız ənənələrin qoruyucusu rolu ilə izah etmək də yetərli deyil:
“Bu qadın eyni zamanda düşünən, öyrənən, yaradan, cəmiyyətin inkişafına töhfə verən şəxsiyyət olub. Kəlağayının bu günkü mənası da məhz həmin çoxşaxəli qadın obrazını görməkdən keçir. Kəlağayının müasir geyim üslubunda, sərgilərdə, sənət layihələrində və gündəlik həyatda yeni ifadə formaları qazanması bu baxımdan əhəmiyyətlidir. Ənənəvi naxışların müasir dizaynda istifadəsi, kəlağayı sənətinin gənclərə tanıdılması və ustaların əməyinə diqqətin artırılması bu irsin gələcəyə daşınmasına kömək edə bilər”.
Sevinc


