Dərman xərcləri kəskin artıb – SƏBƏB NƏDİR?

SAĞLAMLIQ
12:28 / 16.10.2026
223

Ölkəmizdə dərmanlara xərclənən pulların miqdarı əhəmiyyətli dərəcədə artıb.

Belə ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur.

Bəs dərman preparatlarına çəkilən xərclərin bu qədər artmasının səbəbi nədir?

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, son illər pərakəndə satış dövriyyəsində dərman preparatları və tibbi xidmətlərə çəkilən xərclərin həcmində artım müşahidə olunur:

412995

“Bu, bir tərəfdən dərman preparatlarının qiymətlərinin yüksək olması, digər tərəfdən isə tibbi xidmətlərin bahalaşması və bu sahədə tələbin yüksəlməsi ilə bağlıdır. Nəzərə alsaq ki, tibbi xidmətlərdən istifadə və dərman preparatlarının alınması əksər hallarda zərurət xarakteri daşıyır, vətəndaşlar səhhətlərində problem yarandıqda həkimə müraciət etməli və ya dərman almağa məcbur olurlar. Bu da birbaşa tələbin artmasına təsir göstərir. Tələbin yüksəlməsi isə öz növbəsində həmin istiqamətlər üzrə xərclərin artmasına səbəb olur”.

Millət vəkili qeyd edib ki, xüsusilə tibbi xidmətlərin qiymətlərindəki artım və tələbin yüksəlməsi vətəndaşların səhiyyə xərclərinin çoxalmasına gətirib çıxarır:

“Bu xərclər əhalinin həssas qruplarının ödəmə qabiliyyətinə daha ciddi təsir göstərir. Ona görə də tibbi xidmətlərin qiymətlərinin optimallaşdırılmasına və bu sahədə mütəmadi monitorinqlərin aparılmasına ehtiyac var. Bu, pərakəndə satış dövriyyəsində tibbi xidmətlərə yönəldilən vəsaitin həcmində kəskin artımın qarşısının alınması baxımından əhəmiyyətlidir”.

Sevinc

0