Yaxşı yatmaq üçün çayı nə vaxt içmək lazımdır?

SAĞLAMLIQ
23:53 / 29.11.2026
43

Axşam saatlarında içilən bir fincan isti çay insanın rahatlamasına kömək edə bilər. Lakin onun hansı saatda qəbul edilməsi yuxunun keyfiyyətinə təsir göstərir. Diyetoloqlar xüsusilə kofeinsiz çayların yatmazdan əvvəl müəyyən vaxtda içilməsini tövsiyə edirlər.

HİT.az xəbər verir ki, bu barədə “Real Simple” nəşri dietoloq Ceklin Fleysherin açıqlamalarına istinadən məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, yaxşı yuxu üçün kofeinsiz çay içməyin ən uyğun vaxtı yatmazdan təxminən bir saat əvvəldir. Bu, təkcə içkinin xüsusiyyətləri ilə deyil, həm də axşam rahatlamağa imkan verən gündəlik vərdişin formalaşması ilə bağlıdır.

Diyetoloq bildirir ki, çay içmək axşam ritualına çevrildikdə sinir sisteminin sakitləşməsinə və insanın günün gərginliyindən uzaqlaşmasına kömək edə bilər. Bununla belə, çayı yuxuya getməzdən dərhal əvvəl içmək məsləhət görülmür. Orqanizmə yatmazdan əvvəl fizioloji ehtiyacları qarşılamaq üçün kifayət qədər vaxt vermək vacibdir. Bu, gecə yuxudan oyanma ehtimalını azalda bilər.

Kofeinli çay nə vaxt içilməlidir?

Diyetoloqun sözlərinə görə, qara və yaşıl çaydan gün ərzində istifadə etmək mümkündür. Lakin tərkibində kofein olan içkilərin yatmazdan ən azı 6 saat əvvəl qəbulunun dayandırılması tövsiyə olunur.

Kofeinə qarşı həssaslığı yüksək olan insanlar isə bu müddəti 8-10 saata qədər artırmalıdırlar. Mütəxəssis bunu kofeinin orqanizmdə yarımparçalanma müddətinin təxminən 3-6 saat olması ilə izah edir.

Araşdırmalardan birində saat 21:00-da kofeinli çay və qəhvə qəbulunun yuxuya getməyi çətinləşdirdiyi, yuxunun müddətini azaltdığı və keyfiyyətini aşağı saldığı müəyyən edilib. Kofein miqdarı artdıqca bu təsirin də gücləndiyi bildirilir.

Yuxu üçün hansı çaylar daha faydalıdır?

Ceklin Fleysher yatmazdan əvvəl çobanyastığı, nanə və valerian kökü çaylarını seçməyi tövsiyə edir. Bu içkilər kofein ehtiva etmədiyi üçün axşam istifadəsinə daha uyğundur.

Diyetoloq xüsusilə çobanyastığı çayının yuxunun keyfiyyətinə müsbət təsir göstərə biləcəyini qeyd edir. Bununla belə, bu istiqamətdə aparılan tədqiqatların nəticələri bütün yuxu göstəriciləri üzrə eyni deyil.

Yaşıl çayın tərkibindəki polifenolların da yuxuya təsiri araşdırılır. Alimlər bu maddələrin bağırsaq mikrobiomuna təsir göstərərək, mikrobiota-bağırsaq-beyin əlaqəsi vasitəsilə sinir sistemindəki bəzi proseslərə təsir edə biləcəyini düşünürlər. Lakin mövcud tədqiqatlar hələlik bu əlaqənin birbaşa səbəb-nəticə münasibətini sübut etmir.

Diyetoloq vurğulayır ki, kofeinsiz çay sağlam yuxu rejiminə kömək edən xoş bir axşam vərdişi ola bilər. Ancaq onu yuxusuzluğun müalicəsi kimi qəbul etmək düzgün deyil.

Samir
 

0