"Paşinyan bu addımı atmadan seçkiyə getmək istəmir" - OLAY AÇIQLAMA

SİYASƏT
13:13 / 15.04.2025
104

"Ermənistanın Baş naziri Nikol Paşinyan iqtidara xarici qüvvələrin əli ilə gəldiyi üçün hakimiyyət perspektivlərini də həmişə xarici qüvvələrin mövqeyinə və baxışlarına əsasən müəyyən edir".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalıb-qalmayacağı ilə bağlı məsələni heç vaxt erməni cəmiyyətinin mövqeyi ilə həll etməyib:

"Paşinyan onu erməni cəmiyyətinin hakimiyyətə gətirmədiyini çox yaxşı başa düşür. Bu səbəbdən onu hakimiyyətdən xalq göndərməyəcək. Müasir şəraitdə, xüsusilə də ABŞ-Rusiya və ABŞ-Avropa münasibətlərinin kəskinləşməsi nəticəsində dünyada yeni geosiyasi vəziyyət yaranıb". 

371266

Ekspert bildirib ki, belə şəraitdə Ermənistan da özünün yeni kursunu müəyyənləşdirməyə çalışır:

"Mövcud vəziyyətdə rəsmi İrəvan özünə yaxın bir müttəfiq tapa bilmir. Ermənistan əvvəllər ABŞ və Avropaya ən yaxın müttəfiqi, himayədarı kimi baxırdı. Ancaq bu gün ABŞ ilə Avropanın bir-biri ilə ayrılması Ermənistanı çaşbaş vəziyyətdə qoyur. Rusiya ilə Ermənistanın münasibətləri də durğun vəziyyətdədir.

Hansı ki, əvvəllər Ermənistan və Rusiya hücum mövqeyində idi. Lakin Rusiya ilə ABŞ və Avropa münasibətlərindəki dəyişiklik Moskvanın da İrəvana münasibətdə gözləmə mövqeyinə sövq edir. Yəni Kreml hadisələrin necə cərəyan edəcəyindən asılı olaraq Ermənistanla bağlı siyasətini müəyyən edəcək". 

Müsahibimiz onu da diqqətə çatdırıb ki, hazırda Paşinyan üçün ölkənin daxilində ciddi risklər yoxdur:

"O, nə erməni cəmiyyətini, nə də müxalifəti özü üçün təhlükə hesab etmir. Onsuz da parlamentdə üstünlük onun partiyasındadır. Belə bir şəraitdə ölkədə yeni bir siyasi fəallıq dalğası gətirmək Paşinyanın siyasi maraqlarına cavab vermir. Parlament seçkisi isə bütün hallarda siyasi fəallıq dalğası deməkdir. Bunun da Paşinyana indikindən artıq üstünlük verəcəyi sual altındadır. 

Parlament seçkisi keçirmək və siyasi fəallıq yaratmaq Paşinyana sərf etmir. Fikrimcə, Paşinyan parlament seçkisini konstitusiya dəyişikliklərindən sonra keçirməkdə maraqlıdır. O, konstitusiyanı dəyişdirməklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının üzərində manevr etmək istəyir". 

Aydın Quliyev hesab edir ki, Paşinyan həm də konstitusiyada Ermənistanın siyasi idarəçiliyində müəyyən dəyişikliklər etməklə özünün baş nazirlik statusunu gücləndirməyə çalışır:

"Eyni zamanda, parlamentin səlahiyyətlərini də artırmaq arzusu var. Yalnız bu addımlardan sonra Paşinyanın parlament seçkilərinə gedə bilər. Beləliklə, Paşinyan maraqları nöqteyi nəzərdən Ermənistandakı indiki daxili şərait parlament seçkilərinin keçirilməsini zəruri olaraq tələb etmir.  

Lakin vəziyyət dəyişsə, Bakı ilə sülh müqaviləsi imzalamaq üçün İrəvana ciddi təzyiq göstərilsə, Ermənistan Konstitusiyanı dəyişdirməyə məcbur qalsa, Paşinyan parlament seçkilərinə gedə bilər. İndiki halda isə Paşinyan konstitusiya dəyişikliklərindən əvvəl parlament seçkiləri keçirmək istəmir".

Pərviz

0