Məlum olduğu kimi Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək.
Konkret olaraq, MDB-də sədrlik 2028-ci ildə ölkəmizə keçəcək. Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməsi ölkənin təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafı, üzv dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi və regional məsələlərin müzakirəsində iştirak imkanları baxımından diqqət çəkir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan maraqlarımızın qorunduğu bütün beynəlxalq təşkilatlarda təmsil olunmağa çalışır və buna nail olur:
“Bu təşkilatlarda ölkəmizlə bağlı məsələləri gündəmə gətirir, diqqəti müvafiq mövzulara yönəldir və ikitərəfli münasibətlər qururuq. Eyni zamanda, hər bir beynəlxalq təşkilatın fəaliyyət istiqamətinə uyğun olaraq, qarşıya qoyulan məqsədlərə nail olunmasına öz töhfəmizi veririk.
Müstəqil Dövlətlər Birliyi (MDB) 1992-ci ildə SSRİ-nin dağılmasından sonra keçmiş müttəfiq respublikaların bir qrupu tərəfindən yaradılıb. Azərbaycan bu müddət ərzində təşkilatın üzvü kimi digər üzv dövlətlərlə yaxşı qonşuluq münasibətləri qurmağa çalışıb.

Ermənistanla münasibətlərimiz isə 2023-cü ilə, ərazi bütövlüyümüzün bərpasına qədər sıfır səviyyəsində olub. Hazırda bu münasibətlərin normallaşması istiqamətində proses gedir”.
Millət vəkili qeyd edək ki, təşkilatda sədrlik növbəli şəkildə üzv dövlətlərə keçir:
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etmək təşəbbüsü ilə çıxış edib və bu məsuliyyəti üzərinə götürməyə hazırdır. Ölkəmiz təşkilata üzv dövlətlərin rəsmilərinin Azərbaycanda yüksək səviyyədə qəbulunu və onların fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasını təmin etməyi öhdəsinə götürür.
Azərbaycan sədrlik dövründə təşkilat daxilində mehriban və səmərəli əməkdaşlığın gücləndirilməsinə, eləcə də bütün üzv dövlətlərin maraqlarına cavab verən münasibətlərin qurulmasına çalışacaq”.
Sevinc


