Avtomobil seçərkən sürücüləri qarşıdakı illərdə hansı amillərin düşündürəcəyi artıq sənayenin əsas müzakirə mövzularından birinə çevrilib.
Texnoloji yeniliklər nəqliyyat vasitələrinə münasibəti dəyişir, istehsalçılar isə dəyişən tələblərə uyğunlaşmaq üçün yeni həllər axtarırlar. Bu prosesdə daxiliyanma mühərrikləri ilə çalışan avtomobillərin bazardakı mövqeyi də maraq doğurur. Elektriklə işləyən modellərə marağın artması ənənəvi avtomobillərin tədricən əhəmiyyətini itirəcəyi anlamına gəlirmi? Yoxsa qiymət, istifadə rahatlığı və mövcud infrastruktur kimi amillər benzinlə işləyən avtomobillərin uzun müddət bazarda qalmasına imkan verəcək?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında ekoloji normaların tətbiqi ənənəvi mühərriklərə marağın dərhal azalacağı demək deyil:

"Azərbaycanda benzin və dizellə çalışan nəqliyyat vasitələri yaxın və orta müddətdə üstün mövqeyini qoruyacaq. Mövcud tənzimləmələr avtomobillərin istifadəsinin kəskin məhdudlaşdırılmasını nəzərdə tutmur. Ölkəyə ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin gətirilməsi və onların istismarı da davam edəcək".
Ekspert hesab edir ki, elektrikli avtomobillərin ölkə üzrə daha geniş yayılması isə enerji təminatının, şarj imkanlarının və qiymət əlçatanlığının inkişafından asılıdır. Onun sözlərinə görə, bu səbəbdən avtomobil parkının yenilənməsi birdən-birə deyil, mərhələli şəkildə baş verə bilər.
Sevinc


