Avtomobilə təyyarə benzini töksəniz, nə baş verər?

AVTO
18:55 / 29.11.2026
44

Yüksək oktan göstəricisinə malik aviasiya benzininin avtomobildə daha yaxşı performans yaradacağı düşünülsə də, bu yanacaq əksinə, mühərrikə və digər sistemlərə zərər verə bilər.

HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşrində dərc olunan məqalədə bildirilib.

Aviasiya benzini (Avgas) ilə adi avtomobil yanacağı arasındakı əsas fərq onların tərkibindəki qatqılardır. Aviasiyada istifadə olunan bəzi qurğuşunlu benzin növləri yanma zamanı ətraf mühitə qurğuşun buraxır. Bu maddə avtomobillərin oksigen sensorlarına və katalitik neytrallaşdırıcılarına zərər verə, şamların üzərində çöküntü yaradaraq onların işini poza bilər.

Qurğuşunun aviasiyada hələ də istifadə edilməsinin səbəbi onun mühərrikdə vaxtından əvvəl və nizamsız yanmanın qarşısını almağa kömək etməsidir. Bu xüsusiyyət uçuş zamanı mühərrikin etibarlı işləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki havada mühərrik nasazlığının nəticələri avtomobildə yaranan nasazlıqdan daha təhlükəli ola bilər.

Aviasiya benzininin tərkibində təyyarə mühərriklərinin uzun müddət sabit yük altında işləməsinə uyğunlaşdırılmış xüsusi qatqılar da mövcuddur. Onların bir hissəsi, o cümlədən aromatik birləşmələr zəhərli xüsusiyyətlərə malikdir.

Yüksək oktan göstəricisi niyə aldadıcıdır?

Yanacağın oktan göstəricisi artdıqca onun mühərrikdə detonasiya və ya vaxtından əvvəl yanmaya qarşı davamlılığı da yüksəlir. Aviasiya benzininin 100 oktanlı növləri uzun müddətdir avtomobil həvəskarlarının və yarış iştirakçılarının diqqətini çəkir.

Lakin bu yanacağın yarışlarda populyarlaşmasının səbəbi yalnız oktan göstəricisi olmayıb. Qiymətinin münasib olması və kiçik hava limanlarında belə tapılması da sürücülərin seçimində rol oynayıb.

Bununla belə, təyyarə və yarış avtomobillərinin mühərrikləri fərqli iş rejimlərində çalışır. Təyyarə mühərrikləri uzun müddət nisbətən sabit dövr və yük altında işlədiyi halda, yarış avtomobillərində mühərrikin dövrləri və qaz pedalının vəziyyəti tez-tez dəyişir.

Bu səbəbdən aviasiya benzini avtomobildə istifadə edildikdə mühərrikin sazlanması və performansı baxımından müəyyən güzəştlərə ehtiyac yarana bilər. Nəticədə yüksək oktan göstəricisi avtomobilə gözlənilən güc artımını təmin etmir.

Yarış yanacaqları niyə fərqlidir?

“Sunoco” kimi istehsalçıların hazırladığı xüsusi yarış yanacaqları aviasiya benzinindən fərqli olaraq, birbaşa yarış mühərriklərinin iş şəraitinə uyğunlaşdırılır. Bu yanacaqların bəzi qurğuşunlu növləri də oksigen sensorlarına və katalitik neytrallaşdırıcılara zərər verə bilər.

Məqalədə vurğulanır ki, aviasiya benzininin təyyarə mühərrikləri üçün üstünlük sayılan xüsusiyyətləri avtomobillərdə əks nəticə verə bilər. Buna görə də yalnız yüksək oktan göstəricisinə əsaslanaraq bu yanacağı daha keyfiyyətli avtomobil benzini hesab etmək düzgün deyil. Mütəxəssislər avtomobillərdə istehsalçının tövsiyə etdiyi yanacaqdan istifadə etməyi məsləhət görürlər.

Samir

0