General-mayor Kirill Denisoviç Kulakov Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin yeni komandiri təyin ediləcək.
Bu barədə "Hraparak” qəzetinin “Telegram” kanalı məlumat verib.
Bildirilib ki, o, Rusiya sülhməramlılarının komandanı, general-polkovnik Aleksandr Lentsovu əvəzləyəcək.
Maraqlıdır, Kirill Denisoviç Kulakovun gəlişi nələri dəyişəcək?
Hit.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov bildirib ki, adlar dəyişsə də, mahiyyət dəyişmir:
"2020-ci il 10 noyabr bəyannaməsindən sonra üst-üstə 5 generaldır ki təyin olunur, amma uzun müddət qala bilmirlər. Görünür, hansısa məsələlərdə uyğunsuz şəraitə düşür və nəticədə Rusiya dövlətinin maraqlarını təmin edə bilmir deyə, tez-tez belə dəyişikliklər baş verir. Rüstəm Muradovdan başlayaraq, hər biri Rusiyanın maraqlarına xidmət edən generallardır. Onların hansısa birinin gəlişinin Azərbaycan üçün ciddi fərqi yoxdur. Nəticədə Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində qalma müddəti 5 ildir və 5 ilin tamamında onlar buradan çəkiləcəklər və çəkilməlidirlər də. Bu günə qədər gələnlərin hər biri bu və ya digər formada təxribatla məşğul olub. Təxribatlar yaradaraq bölgədə gərginliyin saxlanılmasına xidmət ediblər. Ona görə də dəyişimin heç bir anlamı yoxdur, çünki mahiyyət eynidir. Adlar dəyişir, ideologiya dəyişmir".
Aynur Əli