Tramp niyə İrana qarşı hərbi əməliyyata başlamadı?

HƏRBİ
15:00 / 11.11.2026
185

Son həftələrdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara yenidən başlayacağına dair iddialar sürətlə artırdı.

Hətta ABŞ Prezidenti Donald Trampın İranı nüvə silahı ilə vura biləcəyi deyilirdi. Onun özü də dəfələrdə Tehranı təhdid edirdi. Üstəlik, İranın vurulması ilə bağlı müəyyən tarixlər də yazılırdı. 30-dan çox ölkənin 72 saatlıq ərzaq və digər ehtiyaclar toplamaqla bağlı çağırışlarının səbəbləri sırasında da nüvə müharibəsi göstərilirdi. 

Həmçinin, İran dövlət televiziyası belə nüvə zərbəsi olarsa, hansı addımları atmaq barədə vətəndaşlar üçün xüsusi sujet belə yayımlamışdı. Yəni İranın nüvə ilə vurulması böyük ehtimal olaraq gözlənilirdi. Ancaq Tramp bütün bunlara və Konqres seçkilərində məğlub olmasına rəğmən, İrana qarşı hərbi əməliyyatlara başlamadı. Bundan əlavə, son məlumatlara görə, nüvə silahından istifadə məsələsinin də gündəmdə olmadığı söylənilir.

Bütün bunların fonunda isə sual yaranır: Tramp nə üçün İrana qarşı əməliyyata başlamaqdan vaz keçdi?

Politoloq Anar İsayev Hit.az-a açıqlamasında bildirib ki, Donald Trampın İranı vurmaq qərarından vaz keçməsi geri çəkilməkdən daha çox, hərbi və siyasi risklərin düzgün qiymətləndirilməsi ilə bağlıdır:


“ABŞ anlayır ki, İrana zərbə endirmək asan, lakin bunun nəticələrini idarə etmək olduqca çətindir. İlk növbədə, İranın cavab zərbələri regionda genişmiqyaslı müharibəyə səbəb ola, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını və müttəfiqlərini təhlükə altına sala bilər. Digər tərəfdən, Hörmüz boğazında mümkün böhran neft qiymətlərinin kəskin artmasına və dünya iqtisadiyyatında ciddi problemlərə yol aça bilər”.

Ekspert hesab edir ki, Tramp daxili siyasi amili də nəzərə alır: 
“O, hakimiyyətə yeni müharibələrə başlamaq vədi ilə deyil, ABŞ-nin maraqlarını qorumaq və xarici hərbi müdaxilələri azaltmaq vədi ilə gəlib. İranla uzunmüddətli müharibə bu vədlərlə ziddiyyət təşkil edərdi. Nüvə silahından istifadə ehtimalını isə real siyasi qərar variantından daha çox, ekstremal ssenari kimi qiymətləndirirəm. Çünki bunun nəticələri ABŞ üçün də son dərəcə ağır olardı.

Əsas məqam budur ki, Tramp hərbi təhdiddən imtina etməyib, sadəcə, hələlik bu təhdidi danışıqlarda təzyiq vasitəsi kimi saxlamağa üstünlük verib. Onun məqsədi müharibəyə başlamaqdan daha çox, İranı ABŞ-nin şərtləri ilə razılaşmağa məcbur etməkdir”.

Elmir Mustafa

0