Son illərdə təhsil sahəsində rəqəmsal texnologiyaların tətbiqi idarəetmənin daha sürətli, çevik və şəffaf şəkildə həyata keçirilməsinə geniş imkanlar açır.
Bu baxımdan, Bakı şəhərində yerləşən məktəblərdən birində QR kod əsaslı davamiyyət sisteminin istifadəyə verilməsi mühüm innovativ addım kimi qiymətləndirilir. Yeni yanaşma şagirdlərin dərsə davamiyyətinin daha operativ şəkildə izlənilməsinə şərait yaradır, habelə valideynlərin proses barədə dərhal məlumat almasına imkan verir.
Bəs məktəblərdə QR kod sisteminin tətbiqi təhsilin ümumi inkişafına hansı təsirləri göstərə bilər?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Hit.az-a açıqlamasında deyib ki, yeni texnologiyanın tətbiqi prosesin təkcə şagirdin məktəbə gəlişi və gedişi ilə məhdudlaşmadığını göstərir:
“Bu təsiri bir neçə mərhələdə görə bilərik. İlk növbədə, bunu inzibati idarəetmənin optimallaşdırılması kimi dəyərləndirmək lazımdır. Kağız üzərində aparılan qeydiyyat arxivləşdirmə və analiz üçün effektiv deyil. QR kod sistemi isə rəqəmsal baza formalaşdırır və məlumatların daha operativ idarə olunmasına imkan yaradır. Məktəb rəhbərliyi qısa müddətdə hansı siniflərdə və hansı günlərdə davamiyyətin aşağı olduğunu asanlıqla görə bilir. Bu isə təhsil strategiyasının faktlara əsaslanaraq qurulmasına şərait yaradır. QR sisteminin tətbiqi davamiyyətin yoxlanılmasına sərf olunan vaxtı azaldaraq, bu resursun tədrisin keyfiyyətinə yönəldilməsinə imkan verir.
Şagirdin məktəbdə olub-olmaması barədə məlumatın sistemdə saxlanılması da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, məktəb–şagird–valideyn münasibətləri üçtərəfli mühüm funksiya daşıyır. Valideynlərin məktəbdən anlıq bildiriş alması onların məktəb prosesi ilə daha yaxından tanış olmasına şərait yaradır. Valideyn artıq yalnız iclasdan-iclasa deyil, gündəlik olaraq tədris prosesinin bir hissəsi olduğunu hiss edir”.

Ekspert qeyd edib ki, bu sistem şagirdlərdə erkən yaşlardan rəqəmsal etika və rəqəmsal iz anlayışının formalaşmasına da xidmət edir:
“Şagird dərk edir ki, onun fəaliyyəti rəqəmsal mühitdə qeydə alınır və bu, onun daha intizamlı və məsuliyyətli davranmasına təsir göstərir. Ümumilikdə, QR kod sistemi yalnız texniki vasitə deyil, həm də təhsildə idarəetməni daha çevik və şəffaf edən rəqəmsal yanaşmanın əsas elementidir. Digər tərəfdən, bu sistem kağız üzərində aparılan bürokratik yükü azaldır. Belə yanaşmanın geniş tətbiqi gələcəkdə “ağıllı məktəb” konsepsiyasının formalaşmasına töhfə verəcək və təhsilin inkişafına xidmət edəcək”.
Günel Cəlilova


