2026-cı ilin ilk rübündə Azərbaycanın avtomobil bazarında idxal göstəriciləri əvvəlki illə müqayisədə geriləmə nümayiş etdirib.
Belə ki, yanvar-mart aylarında ölkəmizə gətirilən nəqliyyat vasitələrinin həm sayı, həm də ümumi dəyəri azalıb. Bu azalma xüsusilə bazarın müəyyən seqmentlərində daha qabarıq hiss olunur. Diqqətçəkən məqamlardan biri də elektrik mühərrikli avtomobillərlə bağlıdır. Son dövrlər bu sahəyə maraq artsa da, idxal statistikasında geriləmə üzə çıxıb.
Maraqlıdır, elektrikli avtomobillərin idxalının azalmasına səbəb nədir?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, elektrik mühərrikli avtomobillərin idxalının azalması gözlənilən idi:

“Tətbiq olunan güzəştlərin ləğvi bu sahəyə birbaşa təsir göstərib. Həmin güzəştlər ölkədə avtomobil parkının yenilənməsi məqsədilə tətbiq olunmuşdu. Məlumdur ki, Azərbaycanda istifadə olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti köhnədir”.
Ekspert qeyd edib ki, bu səbəbdən də daha müasir avtomobillərin idxalı və təşviqi vacib hesab edilirdi:
“Digər tərəfdən, elektrik avtomobilləri üçün ehtiyat hissələrinin tapılmasının nisbətən çətin olması da bu nəqliyyat vasitələrinə marağın azalmasına səbəb olub. Nəticə etibarilə, bütün bu amillər statistik göstəricilərdə də öz əksini tapır”.
Günel Cəlilova


