Rusiyada xərçəng xəstəliyinə qarşı pasiyentə uyğun şəkildə hazırlanmış yeni nəsil peyvəndlər icbari tibbi sığorta çərçivəsinə daxil edilib.
Üstəlik, son günlərdə bu qaydanın Azərbaycanda da tətbiqi müzakirə olunur. Maraqlıdır, analoji qayda ölkəmizdə də tətbiq oluna bilərmi? Ümumiyyətlə, Rusiyada xərçəng xəstəliyinə qarşı hazırlanmış peyvənd ölkəmizə idxal oluna bilərmi?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, insanlar bəzən xərçəngin hər hansı bir törədici səbəbdən yarandığını və ona qarşı vaksin olsa, xəstəliyin qarşısını tam almağın mümkün olduğunu düşünürlər:

“Halbuki bu yanaşma doğru deyil. Xərçəng mutasiyalar nəticəsində yaranan, orqanizmdə nəzarətdən çıxmış hüceyrə inkişafıdır. Bu hüceyrələr bədəndən qidalanır və zaman keçdikcə onu üstələyə bilir. Hazırda xərçəngin 2000-dən çox növü mövcuddur və hər birinin fərqli xüsusiyyətləri, inkişaf mexanizmi və proqnozu var. Bu səbəbdən xərçəng haqqında formalaşan təsəvvürlər çox vaxt yanlış olur. Ola bilər ki, müəyyən vaksinlər immun sistemini gücləndirərək bədəni bəzi hallarda hazır vəziyyətdə saxlasın, lakin bu, problemin tam həlli demək deyil”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, hər hansı tibbi xidmətin icbari sığorta sisteminə daxil edilməsi formal xarakter daşımamalıdır:
“Əgər bu xidmət real fayda verirsə, əlbəttə ki, cəmiyyət tərəfindən müsbət qarşılanacaq. Bundan əlavə, müxtəlif gen mutasiyaları mövcuddur və onlar xərçəngin yaranması və inkişafında mühüm rol oynayır. Bu baxımdan, dünya təcrübəsindən yararlanmaq vacibdir. Beynəlxalq praktikada hansı yanaşmalar tətbiq olunursa, ölkəmizdə də həmin istiqamətdə addımlar atılması məqsədəuyğun hesab edilir”.
Günel Cəlilova


