Çiy südün fəsadları var?

SAĞLAMLIQ
14:17 / 16.04.2026
139

“Süd faydalı qida olsa da, gigiyenik qaydalarla saxlanılmasa, düzgün qablarda daşınmasa və lazım olan qaydalara əməl olunmasa tərkibi bakteriyalarla çirklənir”.

Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, südü baytarlıq nəzarəti olan məntəqələrdən almaq daha doğrudur:


“Həmçinin, südün üzərində mütləq şəkildə son istifadə tarixi olmalıdır. Südün küçədə, günəş işığının altında satılması yolverilməzdir. Çünki belə məhsulların nə vaxt, hansı şəraitdə qablara doldurulduğu və insan bədəni üçün necə fəsadlar verə biləcəyi məlum deyil. Ona görə də südün satışı soyuducuda olmalıdır”.

Ekspert çiy südün insan orqanizminə fəsadları barədə də danışıb:
“Çiy südü içmək insanda müəyyən problemlərinə yol aça bilər. Əsasən, çiy süd içdikdən sonra ishal və ya ürəkbulanma kimi problemlər meydana gəlir. Bu səbəbdən də südü qaynadıldıqdan sonra istifadə olunmalıdır.

Bundan başqa, südün turşuması məsələsinə də diqqət etmək lazımdır. Bəzən insanlar südü açıq şəkildə 3-4 gün otaq temperaturunda saxlayıb ondan sonra istifadə edirlər. Bu isə qətiyyən yolverilməzdir. Südün ən maksimal saxlama müddəti 48 saat ola bilər, ancaq ondan sonra istifadə etmək olmaz”.

Mütəxəssis onu da qeyd edib ki, bəzi hallarda da südü açıq şəkildə saatlarla, günlərlə saxlanılıb yenidən istifadə edirlər:
“Təbii ki, bundan sonra bir sıra problemlər və zəhərlənmələr baş verir. Artıq bu da insanların öz məsuliyyətsizliyidir. Çünki südün saxlama şəraitinə düzgün əməl etmirlər. Bundan əlavə, bəzən də insanlar süddən pendir hazırlayırlar. Hansı ki, süd düzgün qaynadılmadıqda müəyyən fəsadlara yol aça bilər.

Tam qaynadılmayan süddə bakteriyalar olur və ondan hazırlanan pendiri yemək də təhlükəlidir. Bir çox hallarda isə pendiri də duzda saxlamırlar, sonra da satırlar. Bu zaman da birbaşa süddə olan mikroorqanizmlər artıq pendirə keçmiş olur. Nəticədə, insanların sağlamlığı üçün təhlükə yaranır”.

Pərviz 


 

0