Bu gün bir çox gəncin hekayəsi oxşardır.
Universiteti bitirir, diplomunu alır, amma iş həyatına başlayanda anlayır ki, oxuduğu sahə onun üçün uyğun deyil. Bəziləri iş tapa bilmir, bəziləri qazancın az olduğunu görür, bəziləri isə sadəcə özünü o peşədə təsəvvür edə bilmir. Nəticədə, yeni bir yol axtarışı başlayır.
Artıq ixtisas dəyişmək nadir qərar sayılmır, əksinə, getdikcə daha çox gəncin seçdiyi bir addıma çevrilir. Kimi daha sürətli inkişaf imkanı olan sahəyə yönəlir, kimi idə qısa müddətdə öyrənilə bilən, daha rahat hiss etdiyi istiqaməti seçir. Bu dəyişimin arxasında həm şəxsi seçimlər, həm də real həyatın tələbləri dayanır.
Bəs ixtisasdan uzaqlaşmanın kökündə nə dayanır? 4 illik ali təhsildən sonra gənclərin ixtisas dəyişməsinə səbəb olan əsas amillər hansılardır?
Mövzu ilə bağlı təhsil eksperi Rizvan Fikrətoğlu Hit.az-a açıqlamasında bildirib ki, bir çox gənc 4 il oxuduğu ixtisası bitirdikdən sonra bu sahənin ona uyğun olmadığını və ya da seçdiyi ixtisasın onu təmin etmədiyini anlayır:
“Ümumiyyətlə, 4 illik ali təhsildən sonra gənclərin ixtisas dəyişimi təsadüfi deyil. Bu, sistemli problemlərin və fərdi seçimlərin nəticəsidir. Əsas səbəblərdən biri yanlış ixtisas seçimidir. Bir çox abituriyent ixtisası marağa görə yox, bal uyğunluğuna, valideyn təzyiqinə və yaxud da adı var deyə seçir. Nəticədə, 3-4 ildən sonra anlayır ki, bu səhə ona uyğun deyilmiş. Burada əmək bazarının reallığı da var. Universitetdə oxuduğu ixtisas ya iş tapmaq üçün zəifdir, ya maaş çox aşağıdır, ya da ümumiyyətlə tələb yoxdur. Bu zaman gənc məcbur qalaraq, başqa sahəyə yönəlir”.
Ekspert qeyd edib ki, digər səbəb isə praktikanın olmamasıdır:
“Ali təhsil çox vaxt nəzəriyyə üzərində qurulur, ancaq real iş qazandırmır. Gənc diplom alır, amma işə hazır olmur. Sonra da əlavə kurslarla başqa sahəyə keçir. Yəni özünü tanıma prosesi gec baş verir. 18 yaşında verilən qərar çox vaxt düzgün olmur. İnsan universitet illərində özünü daha yaxşı tanıyır, nəyi istədiyini isə sonradan anlayır. Bu da istiqamətin dəyişməsinə gətirib çıxarır.
Həmçinin, trend və təsir faktorlarının da əsas təsiri var. Bəzən gənclər sosial şəbəkələrdə gördüyü uğurlara görə dost mühitinin təsir ilə birdən-birə sahə dəyişirlər. Məsələn, proqramlaşdırma, SMM və s. gəlir prioritetinin dəyişməsi də burada çox rol oynayır. Reallıq budur ki, çoxları sevdiyi işi yox, gəlirli işi seçir. Bu da ixsas dəyişməsini artırır”.
Mütəxəssis onu da diqqətə çatdırıb ki, təhsil sistemində ciddi problemlər var:
“Köhnə proqramlar, zəif müəllim heyəti, habelə universitet və işbazarının əlaqəsinin zəifliyi də gənci alternativ yollar axtarmağa məcbur edir. Əgər ixsas seçimi düzgün qurulmazsa, 4 il sadəcə vaxt itkisinə çevrilə bilər. Ona görə də maraq, bacarıq və bazar tələbləri birlikdə nəzərə alınmalıdır”.
Rizvan Fikrətoğlunun sözlərinə görə, problem təkcə gənclərin seçimində deyil, həm də əmək bazarının real vəziyyətindədir:
“Bir çox ixtisas üzrə iş imkanlarının azlığı və aşağı maaş gəncləri başqa sahələrə yönəlməyə məcbur edir. Reallıq budur ki, problem təkcə gənclərdə deyil, həm sistemdə, həm də seçim məhləsindədir. İxtisas iş vermir, bunu unutmaq olmaz. Bir çox ixtisas üzrə vakansiya azdır, iş tapmaq çətindir. Gənc seçim qarşısında qalır, ya gözləməli, ya da başqa sahəyə yönəlməli olur. Əksəriyyəti ikinci yolu seçir.
Bəzən də maaş qane etmir. Nəzərə almaq lazımdır ki, ən böyük motivasiya amillərindən biri də maaşdır. Məsələn, ixtisas üzrə maaş 400-600 manatdırsa məsələn, IT-də 800-1500 manatdır. Bu halda seçim artıq sevgi yox, məcburiyyət olur”.
Həmsöhbətimiz vurğulayıb ki, praktiki bacarıq zəifdir:
“Universitet diplom verir, amma iş bacarığı vermir. İşə götürən isə hazır kadr istəyir. Gənc öz sahəsində iş tapa bilməyəndə başqa sahəyə sıfırdan başlayır. İşə qəbul sistemində real problemlər var. Bəzən tanışlıq və ya təcrübə tələbi kimi bariyerlər olur. İxtisasdan soyuma məsələsi də var. 4 il oxuduqdan sonra anlayır ki, bu iş onu maraqlandırmır, özünü o sahədə təsəvvür etmir.
Bu çox normaldır. Çünki daha sürətli inkişaf imkanları var. Xüsusilə müasir sahələrdə daha tez yüksəliş və sərbəst iş modeli var. Bu da gəncləri cəlb edir. Yeni sosial təsirlər və trendlər var. Gənclər ixtisasından qaçmır, sadəcə ixtisas onları təmin edə bilmir. İxtisas tək seçim deyil, burada bacarıq əsas kapital olmalıdır. Ümumiyyətlə, universitet oxumaq kifayət deyil, paralel olaraq insan bacarıqlı olmalıdır”.
R. Fikrətoğlu söyləyib ki, gənclərin ixtisas dəyişməsi əsasən daha tez qazanc, daha real imkanlar və bacarıqla nəticə verən sahələrə yönəlmə ehtiyacından yaranır:
“Gənclər daha rahat, sürətli qazancı və real imkanlar olan yerlərə gedirlər, amma burada müəyyən bir analiz etmək lazımdır belə ki, HR, SMM, qrafik dizayn və mühasibat kimi işlərə 4 il təhsil mütləq deyil, 3-6 aylıq kurs və praktika ilə də başlamaq olur. Bu da ixtisasından narazı olan gənc üçün bir növ qaçış yoluna çevrilir. Bu sahələrdə vakansiya çoxdur, kiçik şirkətlər bu sahələrdə işçi axtarır. Xüsusilə SMM və dizaynda, yəni evdən işləmə və yaxud da günün bir hissəsində işləmək daha əlavə üstünlükdür.
Bunlar praktiki sahədir, yəni diplom yox, daha çox bacarıq işə yarayır. Bu da gənclərin qısa zamanda kursa gedərək bu sahələrə yönəlməsinə səbəb olur. Belə ki, SMM və dizayn çox kreativdir. Gənclər görür ki, biri dizaynda yaxşı qazanır, biri SMM ilə brend qurur və s. Lakin burada bir səhv də var, görünən uğur həmişə real kütləni əks etdirmir. Rəqabət çox böyük olanda orada uğur qazanmaq da çətin olur”.
O, fikirlərini belə yekunlaşdırıb:
“Universitet bizə başqa bilik öyrədir, amma bazar başqa bacarıqlar tələb edir. Bu boşluqdan isə SMM kimi sahələr ortalığa gəlir. Hamı HR, SMM, mühasib olsa da, uğurlu olmur. Xüsusilə SMM sadəcə post paylaşmaq deyil, həm də strategiya tələb edir. Dizayn proqram bilmək yox, zövq, düşüncə tələb edir. HR psixologiya və idarəetmə biliyi tələb edir. Mühasibat ciddi mənsusiyyət və dəqiqliyi tələb edir. Yəni, bu sahələr asan deyil, sadəcə alternativ yoldur. Əslində, gənclər bu sahələri yox, daha sürətli nəticə verən yolu seçirlər”.
Arzu İbrəhimova



