Bu il keçiriləcək Dünya Çempionatına maraq kifayət qədər böyükdür.
Qardaş Türkiyənin də 24 il sonra mundiala vəsiqə qazanması türk və azərbaycanlı azarkeşlərin marağını bir qədər də artırıb. Üstəlik, bu dəfə tarixdə ilk dəfə olaraq çempionat 48 komanda ilə keçiriləcək. Lakin sayın artması bəzi zəif komandaların da Dünya Çempionatına vəsiqə qazanmasına gətirib çıxarıb. Hətta onların arasında ilk dəfə mundialda çıxış edəcəklər də var. Bu isə təpkilərə səbəb olub. Bəzi ekspertlər və azarkeşlərin bunun oyunların keyfiyyətinə ciddi təsir edəcəyini düşünür...
Futbol eksperti Aslan Kərimov Dünya Çempionatından gözləntilər və müzakirə olunan məsələlərlə bağlı Hit.az-a müsahibə verib:
- Aslan bəy, Dünya Çempionatında komanda sayının artırılması çox müzakirələrə səbəb olub. Siz bu barədə nə düşünürsünüz?
- Mən bu barədə şikayət edənləri də, dəstəkləyənləri də anlayıram. FİFA digər ölkələrin də inkişaf etmək imkanını və motivasiyasını artırmağa çalışır. Əslində, bu addım daha çox müxtəlif ölkədən olan investorları futbola cəlb eləmək üçün atılıb. Ən azından, bəlli bir səviyyədə olan komandalar da bu turnirdə iştirak etməlidirlər. Sadəcə olaraq, güclü komandalar artıq bununla bağlı çox vaxt sərf etmək istəmirlər. Fransa, İngiltərə, Braziliya və Argentina kimi ölkələr artıq əlavə oyun yükü almaq istəməyərək, futbolçularını qorumağa çalışırlar. Onlar da özlərinə görə haqlıdırlar.
- Xüsusilə zəif milli komandaların mundiala vəsiqə qazanmasının oyunların keyfiyyətinə mənfi təsir edəcəyini proqnozlaşdırmaq olar?
- Hesab edirəm ki, xüsusilə zəif millilərin mundialda iştirakı oyunun keyfiyyətinə ciddi təsir etməyəcək. Zəif komandaların Dünya Çempiyonatında iştirakı və onların müdafiə oyunu çox qol vurulmasına əngəl ola bilər. Lakin ümumilikdə böyük bir təsir etməsini gözləmirəm.
- Türkiyə millisi də 24 il sonra Dünya Çempionatına qatılacaq. Qardaş ölkənin turnirdəki şanslarını necə qiymətləndirirsiniz?
- Türkiyə uzun müddət idi, Dünya Çempionatında iştirak etmirdi. Qruplarında Avstraliya, ABŞ və Paraqvay var. Yəni düşə biləcək ən yaxşı qrupa düşüblər, çünki bu qrupdan çıxmaq şansları yüksəkdir. Məncə, Türkiyə millisi Paraqvaya, ABŞ-yə və Avstraliyaya qalib gələ bilər, Lakin Braziliya, Argentina, İngiltərə, Fransa və İspanya kimi millilərə qarşı oynasaydı, qrupdan çıxmaq şansı olmazdı.
- İtaliya ardıcıl 3-cü dəfə mundialdan kənarda qaldı. İtaliyanlar nəyi doğru etmirlər?
- Hər halda, İtaliya millisi əslin də düşməyə layiq bir milli komandaydı, ancaq yenə də alınmadı. Bəlkə də dünya çempionu titulunun olması İtaliya millisinin oyunçularının bəzi matçlara aşağı konsentrasiyada yanaşmalarına səbəb olur. Bu da hansısa oyunlarda xal toplamlarına maneə törədir. Məncə, konsentrasiya itkisi olaraq hansısa oyuna kifayət qədər yaxşı yanaşmayıblar deyə xal itkilərinə məruz qaldılar.
- Sizcə, hansı ölkələr Dünya Kubokunu qazanmağa favoritdir?
- Mənim favoritlərimdən biri Fransa millisidir. Həmçinin, İspanya, Almanya və İngiltərə də çempion olmağa ən yaxın millilərdən biridirlər. Komanda səviyyəsində oyunçu keyfiyyəti, hücum və müdafiənin balansı səviyyəsi baxımından Fransa əsas favoritlərdən biri sayıla bilər.
Arzu İbrəhimova



