Ötən gecə Çempionlar Liqasının ¼ final mərhləsinə yekun vurulub və bütün yarımfinalçılar müəyyənləşib.
Xüsusilə “Bayern Münhen” – “Real Madrid” matçının nəfəs kəsdiyini qeyd etməliyik. Böyük marağa səbəb olan matçda həyəcan bir an belə dayanmadı. Nəticədə, “Bavariya” “Real Madrid”i 4-3 hesabı ilə məğlub etdi. Ümumi hesabda 6-4 qalib gələn almanlar növbəti mərhələyə yüksəldilər.
Biz isə matçın statistikaları ilə davam edirik.
Əvvəlcə Arda Gülərdən bəhs edək. Türkiyəli futbolçu 2 möhtəşəm qolla alqış topladı. Hətta 35-ci saniyədə fərqlənən ulduz “Real Madrid” tarixinin Çempionlar Liqasında ən tez qol vuran futbolçusu olub. Lakin oyundan sonrakı etirazına görə qırmızı vərəqə ilə cəzalandırıldı.
Oyunda isə “Bavariya” 69-31 faiz topla oynama nisbəti ilə “Real” qarşısında böyük üstünlük qurdu. Xüsusilə ikinci hissədə ispanların müdafiə futbolu oynaması təpkilərə səbəb oldu. Həmçinin, 62-ci dəqiqədə oyuna daxil olan Kamavinqanın 86-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması matça damğa vurdu. Bunu oyunun qırılma anı kimi də dəyərləndirmək olar. Çünki ondan sonra “Real” oyundan düşdü və “Bayern” ardıcıl 2 qol vuraraq turu keçdi.
Olduqca maraqlı keçən matçda ev sahibləri 21, qonaqlar isə 12 dəfə qapıya zərbə endirdi. “Bavariya” qapıçısı Noyer 2, “Real” qapıçısı Lunin isə 4 qurtarış etdi. Dəqiq pas ötürmələrində də almanların böyük üstünlüyü var idi: 640-294. Sərt keçən oyunda toplam 22 dəfə qayda pozuldu. Ev sahibləri 1 sarı vərəqə, qonaqlar isə 6 sarı, 2 qırmızı vərəqə ilə cəzalandırıldı...
Beləliklə, “Bavariya” yarımfinalda PSJ ilə qarşılaşacaq. Digər yarımfinal cütlüyü isə “Atletiko Madrid” və “Arsenal” olub.
Elmir Mustafa


