Ayrılığın necə baş verdiyi insanların sonrakı emosional vəziyyətinə birbaşa təsir göstərir. Bu nəticəyə Kanada psixoloqları gəlib.
HİT.az xəbər verir ki, tədqiqat “Journal of Sex & Marital Therapy” (“JS&MT”) jurnalında dərc olunub.
Araşdırma Ottava Universitetinin alimləri tərəfindən aparılıb və yaxın zamanda münasibəti bitmiş 362 nəfər iştirak edib. İştirakçılar həm emosional vəziyyətlərini, həm də ayrılıq söhbətinin necə keçdiyini qiymətləndiriblər.
Məlum olub ki, əsas rol “avtonomiyaya dəstək” adlanan ünsiyyət üslubuna məxsusdur. Bu yanaşmada ayrılığı başlatan tərəf səbəbləri təzyiqsiz izah edir, qarşı tərəfin hisslərini nəzərə alır və ona vəziyyəti anlamaq üçün vaxt verir.
Tədqiqatın aparıcı müəllifi Erin Makklang bildirib ki, ayrılığı başlatan şəxs səbəbləri səmimi şəkildə izah edib qarşı tərəfi dinlədikdə, hər iki tərəf üçün irəliyə getmək daha asan olur.
Eyni zamanda araşdırma mühüm bir məqamı da ortaya qoyub: hörmətli şəkildə ayrılmaq ağrını azaltmır. Narahatlıq, depressiya və mənfi emosiyalar təxminən eyni səviyyədə qalır. Lakin bu halda insanlar daha çox pozitiv düşüncə və daxili enerji hissini qoruyub saxlayırlar.
Tədqiqatın həmmüəllifi Serena Korsini-Munt qeyd edib ki, bu yanaşma ayrılığı daha az ağrılı etmir, amma insanların “niyə?” sualında ilişib qalmadan daha tez toparlanmasına kömək edir.
Ayrılıqdan sonra emosional vəziyyətə təsir edən digər amil isə keçmiş tərəfdaşla əlaqənin davam etdirilməsidir. Əlaqəni saxlayan iştirakçılar daha çox narahatlıq və depressiv əlamətlər yaşadıqlarını bildiriblər.
Müəlliflər vurğulayırlar ki, nəticələr birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Tədqiqat iştirakçıların xatirələrinə əsaslanır və bütün mümkün faktorları əhatə etmir. Bununla belə, nəticələr göstərir ki, ayrılıq anında seçilən ünsiyyət üslubu bu təcrübənin necə yaşanacağına ciddi təsir göstərə bilər.
Samir


