Məlum olduğu kimi, bu günlərdə Bakı Bulvarı ərazisində xoşagəlməz və narahatedici bir vəziyyət qeydə alınıb.
Şəhərin ən gözəl və ziyarət olunan məkanlarından biri hesab edilən Dənizkənarı Milli Parkda insanların məsuliyyətsiz davranışı nəticəsində dekorativ məqsədlə əkilmiş güllərin bir hissəsi ciddi şəkildə zərər görüb, bəziləri isə tamamilə məhv edilib. Məlumata görə, bəzi ziyarətçilər qaydalara əməl etməyərək güllərin üzərinə basaraq onların arasında foto çəkdirib. Baş verən bu hadisə nəticəsində bulvarın ümumi vizual görnüşü zədələnib, əvvəlki səliqəli və rəngarəng mənzərə yerini baxımsız və dağınıq görüntüyə verib.
Sosial şəbəkələrdə yayılan foto və videolar isə ictimaiyyətdə ciddi narazılıq doğurub, istifadəçilər bu cür davranışları kəskin şəkildə tənqid ediblər. Yaranmış vəziyyət bir daha açıq şəkildə göstərdi ki, bəzi insanlar gözəllikdən zövq almağı deyil, onu məhv etməyi seçirlər. Onlar üçün əsas olan nə təbiətdir, nə də estetik dəyər - yeganə məqsədləri gülləri tapdalayıb, onların arasında şəkil çəkdirərək sosial şəbəkələrdə özlərini nümayiş etdirməkdir.
Təbiəti sevən, zövq və estetik anlayışı olan insan heç vaxt bu cür davranmaz. Gülləri ayaqlamaq, onları əzərək “gözəl kadr” axtarmaq açıq-aşkar mədəniyyətsizlik və düşüncəsizlik nümunəsidir. Təəssüf doğuran isə odur ki, bu cür davrananlar etdiklərinin nə qədər eybəcər göründüyünün fərqində belə deyillər.
Onlar fotolarda özlərini zövqlü və estetik göstərməyə çalışsalar da, əslində tam əksini nümayiş etdirirlər. Çünki zövq anlayışı olan insan gözəlliyi qoruyar, məhv etməz. Bu cür davranış isə yalnız zövqsüzlüyün və məsuliyyətsizliyin bariz göstəricisidir...
Günel Cəlilova


