Latviyanın kənd təsərrüfatı naziri Xankəndiyə səfər edib

ÖLKƏ
13:28 / 16.04.2026
68

Aprelin 16-da Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze və onun başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Latviyalı nazir, o cümlədən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov qarşılayıb.

Qonaqlara qədim Azərbaycan torpağı olan Xankəndi şəhərinin uzun illər işğala, dağıntılara məruz qaldığı, artıq bir neçə ildir ki, işğal altında qalan bütün ərazilərin azad edildiyi, azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı barədə məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar quruculuq işləri, Zəfər parkı, Zəfər meydanı, Qarabağ Universiteti ilə tanış olublar. Nazir bərpa və quruculuq işlərində Azərbaycanın Latviya və digər tərəfdaş ölkələrin ən yaxşı təcrübələrindən istifadə edə biləcəyinə əminliyini vurğulayıb.

0