ABŞ-ın sanksiya siyahısına daxil edilmiş və İranla əlaqəli olduğu bildirilən ən azı iki tanker cümə axşamı Hörmüz boğazından Fars körfəzinə daxil olub. ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin üçüncü gündür davam etməsinə baxmayaraq, gəmilərin yeni marşrutdan istifadə etdiyi ehtimal olunur.
HİT.az xəbər verir ki, "Bloomberg"in gəmi izləmə sistemlərinə istinadən yaydığı məlumata görə, mayeləşdirilmiş karbohidrogen qazı daşıyan “G Summer” tankeri çərşənbə günü günortadan sonra Larak və Keşm adaları arasında keçərək Fars körfəzinə daxil olub. Boş vəziyyətdə olan tanker Çinli sahiblərə məxsus olduğunu və heyətin də Çin vətəndaşlarından ibarət olduğunu göstərən məlumat ötürüb. Gəminin təyinat limanı kimi İraqın Xor-əl-Zübeyr limanı qeyd olunub.
ABŞ-ın qara siyahısına daxil edilmiş və İranla əlaqələri olduğu iddia edilən supertanker “Hong Lu” da qısa müddət sonra həmin adalar arasından keçib. Təxminən iki milyon barel neft daşıma qabiliyyətinə malik bu tanker hazırda boşdur və İran sahilləri boyunca qərbə doğru hərəkət edir. O, qısa müddətlik İraqın Bəsrə limanını təyinat kimi göstərsə də, daha sonra statusunu “sifariş gözləyir” kimi dəyişib.
Hər iki gəminin həftənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhəri yaxınlığına gəldiyi, çərşənbə günü isə Oman körfəzi üzərindən İran sahillərinə, daha sonra isə şimala doğru Hörmüz boğazına yönəldiyi bildirilir. Bu marşrut qeyri-adi dərəcədə dolambaclı olub.
Gəmi sahibləri, enerji təchizatçıları və investorlar dünyanın ən sıx dəniz ticarət yollarından biri olan bu boğazdan keçidləri yaxından izləyirlər. ABŞ və İranın nəzarət cəhdləri fonunda keçidlər üçün gəmilərin artıq iki hərbi tərəfin icazəsini alması tələb olunur ki, bu da prosesi çətinləşdirir.
Rəsmilər bildirirlər ki, ikili məhdudiyyətlər daşımaları tam dayandırmasa da, tranzit axını kəskin şəkildə azalıb. Eyni zamanda, indiyədək yüklü İran tankerlərinin Hörmüz boğazını tərk etdiyi qeydə alınmayıb. Bu vəziyyət gündə təxminən 1,7 milyon barel həcmində tədarük üçün risk yaradır.
ABŞ Mərkəzi Komandanlığı çərşənbə günü bildirib ki, heç bir gəmi blokadanı yararaq keçməyib və doqquz gəmi ABŞ hərbçilərinin göstərişi ilə geri dönüb. İran isə öz növbəsində bir tankerinin ABŞ gəmilərinin yanından keçdiyini açıqlayıb. Adı çəkilməsə də, bunun sanksiya altında olan və boş vəziyyətdə hərəkət edən “Alicia” gəmisi olduğu ehtimal edilir.
Samir


