Kompüter və internet avadanlıqlarının qeydiyyatı kimləri əhatə edəcək?

ÖLKƏ
14:16 / 11.11.2026
136

Evlərdə istifadə olunan kompüterlərin və internetə qoşulan digər avadanlıqların qeydiyyata alınması məsələsi müzakirələrə səbəb olub. 

Bu addımın hansı məqsədlə həyata keçiriləcəyi, qeydiyyatın kimlərə şamil olunacağı və vətəndaşlar üçün hansı öhdəliklər yaradacağı maraq doğurur. Bəs yeni tələb yalnız çoxmənzilli binalarda yaşayanlara aiddir, yoxsa həyət evlərindəki avadanlıqlar da qeydiyyata alınacaq? 

İKT sahəsi üzrə ekspert Elvin Abbasov Hit.az-a açıqlamasında bildirib ki, ev təsərrüfatlarında kompüterlərin və internetə çıxışı olan avadanlıqların uçotunun aparılması məsələsi rəqəmsal planlaşdırma və statistika siyasətinin tərkib hissəsidir: 

415613

“Bu addımın əsas məqsədi ölkə üzrə rəqəmsal təminat səviyyəsini, internet texnologiyalarının yayılma coğrafiyasını (sabit kabel, optik və ya simsiz) və rəqəmsal uçurumun dərəcəsini dəqiq qiymətləndirməkdir. Əldə olunan statistik göstəricilər gələcəkdə internet infrastrukturunun qurulması, elektron dövlət xidmətlərinin genişləndirilməsi və rəqəmsal təhsil layihələrinin planlaşdırılması üçün baza rolu oynayır.

Qeyd olunan qaydaların tətbiqi yalnız çoxmənzilli binalarda yaşayan sakinlərlə məhdudlaşmır, ölkə ərazisindəki bütün ev təsərrüfatlarına – həm çoxmənzilli binalara, həm də fərdi həyət evlərinə şamil olunur. Çünki rəqəmsal infrastrukturun inkişafı və internetə əlçatanlıq təhlili bütün ölkə coğrafiyasını əhatə etməlidir”.

Ekspert qeyd edib ki, bu proses vətəndaşlar üçün hər hansı bir lisenziya almaq, cihazları xüsusi idarələrə aparıb icbari qeydiyyatdan keçirmək və ya əlavə hüquqi öhdəlik yaradan sistem deyil:

“Bu, statistika qurumları tərəfindən aparılan rüblük və ya dövri müayinə formaları çərçivəsində mövcud texniki təminatın uçota alınması prosedurudur. Toplanan bütün informasiya fərdi şəxslərin adı və ya mənzil ünvanı ilə açıq şəkildə uyğunlaşdırılaraq ictimaiyyətə təqdim olunmur, yalnız anonimləşdirilmiş ümumi statistik rəqəmlər şəklində emal edilir. Qanunvericiliyə əsasən, bu göstəricilərin kommersiya, vergi və ya hüquq-mühafizə məqsədləri üçün istifadəsi qadağandır”.

Sevinc

0