Gələn ildən evini kirayə verənlər üçün vergi hesablanmasında yeni imkan yaranacaq.
Belə ki, fiziki şəxslər kirayə gəlirlərindən həmin fəaliyyətlə bağlı çəkdikləri xərcləri çıxaraq vergi ödəyə biləcəklər. Bunun üçün vergi uçotuna daxil olmaq və bəyannamə təqdim etmək tələb olunacaq. Bəs yeni mexanizm ev sahiblərinin vergi yükünə necə təsir göstərəcək və kimlər bu imkandan yararlana biləcək?
İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, kirayə gəlirlərinin vergiyə cəlb olunması zamanı xərclərin nəzərə alınması əmlak bazarında rəsmiləşdirmə prosesini də sürətləndirə bilər:

“Belə ki, vergi güzəştindən yararlanmaq istəyən ev sahibləri təmir, kommunal xidmətlər və digər xərclərini sənədlərlə təsdiqləməyə çalışacaqlar. Bu da kirayə müqavilələrinin və ödənişlərin daha şəffaf aparılmasına şərait yarada bilər. Yeni imkanın müəyyən inzibati tələbləri də olacaq. Mülkiyyətçilər vergi qeydiyyatından keçməli, gəlir və xərclərini sənədləşdirməli, ilin sonunda bəyannamə təqdim etməlidirlər. Bu prosedurlar az xərc tələb edən və yalnız bir mənzilini kirayəyə verən şəxslər üçün əlavə yükə çevrilə bilər”.
Ekspert qeyd edib ki, yeni sistemin effektiv işləməsi üçün hansı xərclərin vergi hesablamasında nəzərə alınacağı əvvəlcədən aydınlaşdırılmalıdır:
“Xüsusilə cari təmir, əsaslı yenilənmə, amortizasiya və əmlakın saxlanması ilə bağlı məsrəflərin hüquqi çərçivəsi dəqiq müəyyən edilməlidir. Ciddi təmir və istismar xərcləri olmayan ev sahibləri üçün mövcud 10 faizlik vergi rejimi daha əlverişli qala bilər. Əmlakına daha çox vəsait xərcləyənlər isə yeni mexanizmdən faydalana bilərlər. Buna görə də mülkiyyətçilərin hər iki hesablama üsulunu müqayisə edərək özləri üçün uyğun variantı müəyyənləşdirməsi vacibdir”.
Sevinc

