“Azərbaycanla Türkiyənin birliyi və qardaşlığı bütün türk dünyası üçün vacibdir”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu birlik həm Azərbaycan, həm Türkiyə, həm də bütün türk dünyası üçün zəruridir:
“Türk dünyası yüksələn xətlə inkişaf edir. Çox çətinliklərdən sonra bizim aramızı yüz illərlə vurmağa çalışıblar, bizə ixtilaf yaratmağa cəhd göstəriblər. Orta Asiya ilə, həmçinin Türkiyə ilə aramızda düşmənçilik toxumları səpiblər, müharibələr törədilib. Bunların hamısı bizə düşmən olan qüvvələrin fəsadları və niyyətləri idi.
Yəni onlar türk dünyasının birliyindən qorxurdular, eyni zamanda türk dünyasının bu və ya digər qolunun möhtəşəmliyindən, qələbəsindən və dövlətçiliyindən çəkinirdilər. Özlərini qorumaq üçün türk dünyasının içərisində ixtilaf salırdılar ki, başımız bir-birimizə qarışsın. Bütün bu sınaqlardan biz keçmişik. Yenidən bu sınaqlardan keçəndən sonra artıq hamı başa düşür ki, türk dünyası, Turan dünyası bir yerdə olmalıdır. Bundan sonra kimsə aramıza girə bilməz”.
Siyasətçi hesab edir ki, buna doğru addımlar atılır və bu da dünyanı yenidən narahat edir:
“Fitnələr düşmənlər tərəfindən gətirilir. Bunları hər kəs artıq başa düşür. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə başa düşür ki, bizi bir-birimizə qarşı qoymağa çalışırlar. Hazırda yüksəliş dövrümüz olduğu üçün bunu gözlər götürmür və özləri üçün təhlükə hesab edirlər. Halbuki, biz heç vaxt kiməsə təhlükə olmamışıq. Bütün türk ölkələrinin böyük dövlətçilik tarixi olub”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, hara baxırsan, türkün tarixidir:
“İndi də bu yüksəliş şəraitində olduğumuz üçün Qərbdən də, Şimaldan da, Cənubdan da çalışırlar ki, birliyimizə mane olsunlar. Ancaq biz artıq bir sınaqdan da keçdik. Türkiyə ilə Azərbaycanın münasibətləri bir sınaqdan da keçdi ki, dostlar sevindi, düşmənlər kor oldular və niyyətlərinə çata bilmədikləri üçün əhvalları pozuldu.
Bundan sonra da münasibətlərimiz ən yüksək səviyyədə olacaq. Bu birliyimiz hamının mənafeyinə uyğundur. Hazırda dünyada qütbləşmə gedir, hər kəs öz qüvvələrini cəmləşdirir. Əgər türk dünyası bir yerdə olmasa, ən vacib qütblərdən birinə çevrilməsə, onda bizi məhv edəcəklər. Ona görə də bu tarixlərin hamısı yerindədir və inkişaf edir”.
A.Nağı qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı qısamüddətli gərginlik də geridə qaldı:
“Şükürlər olsun ki, münasibətlər o şəkildə öz səviyyəsini tapdı, problemlər yaranmadı və indi irəliyə doğru gedirik. Hazırda dünya üçün əhəmiyyətli olan nəqliyyat qovşaqlarının hamısı türk ölkələrindən keçir. Yəni dünya da bizim mövqeyimizdən asılıdır. Belə bir şəraitdə Azərbaycan və Türkiyə bir yerdə olmalıdır. Hesab edirəm ki, bu birlik və qardaşlıq daimi şəkildə davam edəcək.
Artıq bunu pozmaq da mümkün deyil. 44 günlük müharibədə Azərbaycan türk dünyasının mənəvi dəstəyini hiss etdi. Bildik ki, o mənəvi dəstək olmasaydı, bizim üçün çox çətin olardı. Ümumiyyətlə, biz hər zaman bir yerdə olmalıyıq. Çünki bir-birimizə bağlı millətik. Bunu da hər kəs başa düşür. Ona görə də bu birliyimiz əbədi olacaq”.
Elmir Mustafa



