Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri ABŞ-nin İranı vurub-vurmayacağıdır.
Hətta dünya mediası ABŞ Prezidenti Donald Trampın İrana qarşı nüvə silahından istifadə edib-etməyəcəyini müzakirə edir. Son məlumatlara görə, İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən silahın istifadəsi ilə bağlı Amerika liderinə təzyiq göstərməyə çalışır. Lakin Trampın bu barədə qərarını 7 sentyabrda verəcəyi deyilmişdi. Bu səbəbdən də onun sabah İranla bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir...
Politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib ki, Trampın İranla bağlı qərarının nə olacağı bəlli deyil:
“İrana qarşı nüvə silahından istifadə olunmasının müzakirə edilməsi belə çox absurddur. Çünki hazırda Vaşinqtonun Tehranla gərginlik içərisində olmasının başlıca səbəbi İranın uranı zənginləşdirməsi və ehtimal nüvə silahı əldə etməsidir. Yəni ABŞ-nin qarşı olduğu silahdan istifadə etməsi onun vəziyyətini çox ağırlaşdıra bilər. Haqlı olsa belə, sonda haqsız çıxar. O baxımdan bunun olacağını düşünmürəm”.
Ekspert hesab edir ki, Tramp maksimum dərəcədə İranı danışıqlar masasına gətirməyə çalışır:
“Əlbəttə, bunun üçün də maksimum təzyiq vasitələrindən istifadə edir. Ən pis halda İrana qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq. Məhdud səviyyəli ballistik raketlərdən istifadə oluna bilər. Lakin İranın nüvə silahı ilə vurulacağını zənn etmirəm. Nəzərə almaq lazımdır ki, nüvə silahından istifadə neçə milyard dollara başa gələcək. Yəni bu elə bəsit bir silah deyil”.
Politoloq xatırladıb ki, bunun ilk versiyası İkinci Dünya müharibəsi illərində Yaponiyaya atılan atom bombalarıdır:
“Ancaq burada atom bombasından deyil, nüvə bombasından söhbət gedir. Bu günə qədər heç bir ölkə nüvə silahından istifadə etməyib. Üstəlik, nüvə silahının həm xərci çoxdur, həm də bunun miqyasının və gətirəcəyi ekoloji fəlakətin qarşısını ABŞ də heç bir halda ala bilməz. Bütün bunların bununda ABŞ-nin İrana qarşı nüvə silahından istifadə edəcəyini düşünmürəm”.
Elmir Mustafa



