Böyük Britaniyanın Kornuoll bölgəsində yerləşən və qeyri-adi mənzərələri ilə seçilən ərazi turistlərin diqqətini cəlb edir. Firuzəyi rəngli gölləri, ağ rəngli təpələri və süni dağları ilə tanınan bu məkan bəzən “Kornuoll Alpları” adlandırılır.
HİT.az xəbər verir ki, bu barədə BBC yazıb.
Məlumata görə, hazırda turistlərin marağına səbəb olan ərazi 250 ildən artıq müddətdə kaolin (çini gili) hasilatı nəticəsində formalaşıb. Təxminən 91 kvadratkilometr ərazini əhatə edən sənaye zonasında vaxtilə geniş karxanalar yaradılıb, qazıntılar nəticəsində isə süni təpələr və su hövzələri meydana gəlib.
XVIII əsrdə burada kaolin yataqlarının aşkarlanması bölgənin iqtisadi həyatını dəyişib. Bu gil çini istehsalında mühüm xammal hesab olunub və sonradan kosmetika, diş pastası da daxil olmaqla müxtəlif məhsulların hazırlanmasında istifadə edilib. 1910-cu ilə qədər Kornuoll dünya üzrə kaolin hasilatının təxminən 50 faizini təmin edib. Bu səbəbdən qiymətli xammal bölgədə “ağ qızıl” adlandırılıb.
İndi isə vaxtilə sənaye məqsədilə istifadə edilən ərazilər tədricən təbiətin qoynuna qayıdır. Bağlanmış karxanalarda bitki örtüyü genişlənir, müxtəlif vəhşi heyvanlar məskunlaşır. Xüsusilə südü xatırladan firuzəyi rəngli suları ilə seçilən göllər bölgənin əsas görməli yerlərindən birinə çevrilib. Bununla belə, həmin göllərdə çimmək həm təhlükəli, həm də qadağandır.
Ərazinin turistlər üçün əlçatanlığını artırmaq məqsədilə 2025-ci ildə yeni gəzinti yolları istifadəyə verilib. Piyada marşrutlarının uzunluğu 34 kilometr artırılaraq ümumi şəbəkə 62 kilometrə çatdırılıb. Yolların bir qismi velosipedçilər və atlılar üçün də nəzərdə tutulub. Marşrutlar özəl torpaqlardan keçsə də, ictimaiyyətin istifadəsinə açıqdır.
Bölgədə diqqət çəkən məkanlardan biri də keçmiş karxananın yerində yaradılmış “Eden layihəsi” turizm kompleksidir. Burada nəhəng qapalı tropik meşə və təxminən 12 hektarlıq bağlar yerləşir.
Kornuollda təbiətin bərpası istiqamətində də işlər aparılır. Məsələn, 2024-cü ilin sonunda keçmiş kaolin karxanası ərazisində 100 mindən çox yerli ağac əkilib. Hazırda burada yeni meşəliklər, gəzinti yolları yaradılıb, maral və müxtəlif quş növləri üçün yaşayış mühiti formalaşıb.
Maraqlıdır ki, bölgədə kaolin ehtiyatları hələ də mövcuddur və hasilatın daha uzun illər davam edəcəyi gözlənilir. Sənaye sahəsi Kornuoll iqtisadiyyatına ildə təxminən 40 milyon funt sterlinq gəlir gətirir. Beləliklə, vaxtilə sənaye fəaliyyəti ilə tanınan ərazi bu gün həm təbii mənzərələri, həm də qeyri-adi tarixi ilə turistlər üçün cəlbedici məkana çevrilir.
Samir


