Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

DÜNYA
10:16 / 11.11.2026
74

Dünyanın iqlim gələcəyinə təsir göstərəcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Liderlər Zirvəsi bu gün Türkiyənin Antalya şəhərində işə başlayır.

Hit.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi iki günlük zirvədə 102 ölkənin dövlət və hökumət başçıları, 300 nazir, eləcə də 196 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri və rəsmilər iştirak edəcək.

Qlobal iqlim diplomatiyasının əsas platformalarından biri hesab olunan sammit çərçivəsində liderlər Antalya şəhərində yaradılmış 527 min kvadratmetrlik “Mavi Zona”da bir araya gələcəklər. Rəsmi görüşlərin və danışıqların keçiriləcəyi ərazidə Prezident Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını qarşılayacaq.

Ənənəvi ailə fotosundan sonra liderlərin “Anadolu” zalında ümumi toplantısı keçiriləcək. Burada iqlim dəyişiklikləri ilə mübarizə, beynəlxalq öhdəliklər və qlobal əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Zirvənin əsas məqsədi əvvəlki iqlim konfranslarında qəbul edilmiş qərar və öhdəliklərin icrasını sürətləndirmək, onları konkret fəaliyyət planlarına çevirməkdir. Türkiyə ev sahibi ölkə kimi iqlim diplomatiyasında fəal rol oynamağı və “Fəaliyyət Gündəliyi” çərçivəsində beynəlxalq ictimaiyyətə 10 prioritet istiqamət təqdim etməyi planlaşdırır.

Bu istiqamətlər sırasında 2035-ci ilədək tullantıların azaldılması, təmiz enerjiyə keçidin sürətləndirilməsi, iqlim dəyişikliklərinə davamlı şəhərlərin qurulması və yaşıl sənayeləşmənin təşviqi xüsusi yer tutur. COP31-in sədri, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum da Liderlər Zirvəsi çərçivəsində çıxış edəcək. Daha sonra iştirakçı ölkələrin nazirlərinin şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.

Noyabrın 20-dək davam edəcək konfrans müddətində “Mavi Zona”da çoxsaylı yüksək səviyyəli ikitərəfli görüşlər, panellər və dəyirmi masa müzakirələri keçiriləcək. Tədbir boyunca əraziyə ümumilikdə təxminən 100 min insanın gələcəyi gözlənilir. COP31 Liderlər Zirvəsində Avropa, Asiya, Afrika, Amerika və Okeaniya ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirakı nəzərdə tutulur.

İştirakçılar arasında Böyük Britaniya, İtaliya, İspaniya, İsveç, Norveç, Finlandiya, Niderland, Avstraliya, Çin, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya, Cənubi Koreya, Braziliya və digər ölkələrin nümayəndələri var.

Sammitin geniş coğrafiyası iqlim dəyişikliklərinin qlobal xarakterini və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir. Liderlər Zirvəsi ilə əlaqədar Antalyada genişmiqyaslı təhlükəsizlik və nəqliyyat tədbirləri həyata keçirilir.

0