Azərbaycan və Türkiyənin sarsılmaz birliyi Cənubi Qafqazda kənar müdaxilələrlə gərginliyi artırmağa çalışan aktorlara bölgədə sabitliyin, sülhün, eləcə də təhlükəsizliyin yeganə qarantının Bakı və Ankaranın birgə siyasi iradəsi olması məzmununda açıq mesaj verib.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadakı görüşündən sonra verdiyi bəyanatları şərh edərkən deyib.
Onun sözlərinə görə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günündə Qarabağda görüşü, liderlər tərəfindən Şuşada verilən tarixi bəyanatlar, regional və qlobal miqyasda geostrateji balansı yenidən müəyyənləşdirən müstəsna diplomatik hadisədir:
"Dövlət başçılarının görüşdə göstərdikləri səmimi, qətiyyətli və nümayişkaranə duruş Bakı-Ankara oxunu sarsıtmaq və iki strateji müttəfiq dövlət arasında nifaq toxumu səpmək istəyən bütün kənar güc mərkəzlərinin çoxillik məkrli planlarını alt-üst edərək tam bir uğursuzluğa məhkum edib. İlham Əliyevin "Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır" ifadələri münasibətlərimizin konyunktur diplomatik protokollar və ya keçici konseptual maraqlar üzərində deyil, sarsılmaz qan, dil, tarix və mənəviyyat təməli üzərində qurulduğunu beynəlxalq hüquqi və siyasi müstəvidə bir daha bəyan etmiş oldu".
Milli Məclisin üzvü bildirib ki, Azərbaycan lideri Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən nümayiş etdirdiyi mənəvi və siyasi dəstəyin unudulmayacağını söyləyərək iki ölkə arasında dostluq, eləcə də həmrəyliyin gələcək nəsillərə əmanət edilən ən böyük milli sərvət olduğunu xüsusi olaraq diqqətə çatdırıb:
"Bu da əslində Bakı-Ankara birliyinə öz maraqlarına təhdid kimi baxan və bu birliyi sarsıtmaq istəyənlərin informasiya hücumuna vurulən öldürücü zərbə idi. Azərbaycan və Türkiyənin sarsılmaz birliyi Cənubi Qafqazda kənar müdaxilələr və geopolitik manevrlərlə gərginliyi artırmağa çalışan regional və qeyri-regional aktorlara bölgədə sabitliyin, dayanıqlı sülhün, təhlükəsizliyin yeganə qarantının Bakı və Ankaranın birgə siyasi iradəsi olması məzmununda açıq mesaj verdi".
Bəhruz Məhərrəmov vurğulayıb ki, iki qardaş ölkənin birliyi yalnız öz xalqlarının rifahına və təhlükəsizliyinə deyil, Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün Türk dünyasının institusional inteqrasiyasına və geniş coğrafiyada sülhün bərqərar olunmasına xidmət edən mühüm regional və qlobal faktordur:
"Dövlət başçılarının Şuşada təkbətək görüş keçirməsi, azad olunmuş torpaqlardakı infrastruktur layihələri və bərpa-quruculuq işlərini birgə qiymətləndirməsi bu birliyin yalnız bəyanatlarla məhdudlaşmadığını, real infrastruktur və iqtisadi layihələrdə təcəssüm etdiyini nümayiş etdirməklə həm də Şuşa bəyannaməsinin zəminini daha da möhkəmləndirərək strateji tərəfdaşlığı növbəti mərhələyə daşıdı. Qardaş ölkənin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesində fəal iştirakı, o cümlədən birgə kənd təsərrüfatı, meşəçilik və təhsil müəssisələrinin təməlinin qoyulması iki dövlətin ortak gələcək qurmaq əzmini sarsılmaz faktlarla bir daha təsdiqləmiş oldu. Bu həm də o deməkdir ki, müəyyən dövrlərdə, o cümlədən son zamanlar Azərbaycan-Türkiyə münasibətlərində süni krizislər yaratmaq, dezinformasiya kampaniyaları və ya manipulyativ təxribatlarla müttəfiqliyimizə kölgə salmaq istəyən mərkəzlərin arzuları puç oldu".
Deputat əlavə edib ki, İlham Əliyevin "bizi sarsıtmaq istəyənlərin arzuları gözlərində qalacaq" xəbərdarlığı, iki ölkə arasındakı qardaşlığa zərbə vurmağa çalışan qüvvələrin bütün ssenarilərinə hüquqi və siyasi nöqtə qoyub:
"Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Şuşaya səfəri və ən əziz qonaq kimi rəsmi protokollardan daha üstün qarşılanması, onun İlham Əliyev ilə çiyin-çiyinə birlik nümayiş etdirməsi, Azərbaycan-Türkiyə strateji müttəfiqliyində neqativ meyillərə tamamilə son qoyaraq münasibətləri keyfiyyətcə yeni, daha yüksək və sarsılmaz bir mərhələyə yüksəldib".

