Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan oyuncaqların satışına və təhlükəsizliyinə dair yeni qaydalar müəyyənləşdirilib.
Nazirlər Kabinetinin təsdiqlədiyi texniki reqlament 14 yaşadək uşaqların istifadə etdiyi məhsulların sağlamlıq və təhlükəsizlik normalarına uyğun olmasını nəzərdə tutur. Yeni tələblər rəsmi dərcdən altı ay sonra tətbiq ediləcək. Qaydaların qüvvəyə minməsi ilə oyuncaq satışı sahəsində hansı dəyişikliklərin baş verəcəyi, mövcud məhsulların taleyinin necə müəyyənləşdiriləcəyi və bazara nəzarətin hansı mexanizmlərlə həyata keçiriləcəyi maraq doğurur.
Bəs yeni normalar tətbiq olunanadək satışda olan oyuncaqlara münasibətdə hansı şərtlər əsas götürüləcək?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, uşaq oyuncaqlarının təhlükəsizliyinə dair yeni texniki normaların müəyyənləşdirilməsi bazarda keyfiyyətə nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir:
“Əvvəllər qüvvədə olan 343 saylı qərarın 2021-ci ildə ləğvindən sonra bir sıra məhsullar üzrə təhlükəsizlik tələblərində boşluq yaranıb. Həmin sənədin əhatə etdiyi məhsullar sırasında uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar da olub. Sonrakı mərhələdə müxtəlif sahələr üzrə texniki qaydalar qəbul edilsə də, oyuncaqlara ayrıca təhlükəsizlik standartlarının tətbiqi zəruri idi”.

Ekspert qeyd edib ki, uşaqların gündəlik təmasda olduğu oyuncaqların tərkibi və fiziki xüsusiyyətləri ciddi risk mənbəyinə çevrilə bilər:
“Keyfiyyətsiz boyalarda zərərli maddələrin olması, asanlıqla qopan xırda detalların isə uşaqlar tərəfindən udulması və ya nəfəs yollarına düşməsi təhlükə yaradır. Yeni texniki reqlament bu kimi risklərin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması üçün mühüm mexanizm olacaq. Standartlara uyğun olmayan oyuncaqlarla rastlaşan vətəndaşları müvafiq dövlət qurumlarına məlumat verməyə çağırıb”.
Sevinc

