Tənqidlərinə rəğmən rekord tələbat: “Ferrari”nin ilk elektrikli modeli TÜKƏNDİ

AVTO
17:00 / 06.11.2026
42

İtaliyanın əfsanəvi idman avtomobilləri istehsalçısı “Ferrari”nin tamamilə elektrik enerjisi ilə çalışan ilk modeli “Luce” eksteryer dizaynına görə ciddi müzakirələrə və tənqidlərə məruz qalmasına baxmayaraq, bazarda görünməmiş tələbatla qarşılaşıb.

Hit.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Benedetto Viqna üçüncü rübün maliyyə hesabatlarının təqdimatı zamanı 2027-ci il üçün nəzərdə tutulan bütün “Luce” modellərinin artıq öz alıcılarını tapdığını rəsmən elan edib.

Baza qiyməti təxminən 615 min dollar (Avropada 550 min avro) olaraq müəyyənləşdirilən lüks hiperkar üçün ilk müştəri təhvil-təslimlərinin 2026-cı ilin dördüncü rübündə başlanması planlaşdırılır. İndi sifariş verən yeni müştərilər avtomobillərini yalnız 2028-ci ildə təhvil ala biləcəklər. Bu da alıcıların ən azı bir il növbədə gözləməli olacağı deməkdir.

Qeyd edək ki, “Ferrari” rəhbərliyi 2027-ci ildə neçə ədəd “Luce” istehsal edəcəyini açıqlamasa da, brendin cari ildə 500-ə yaxın avtomobil satmağı, 2030-cu ilə qədər isə illik istehsal həcmini 600 ədədə (ümumi 2 500 ədəd) çatdırmağı hədəflədiyi deyilir.

Beşəyləşəcəkli elektrikli “Luce” modelinin eksteryer və interyer tərtibatı “Apple”ın keçmiş baş dizayneri Coni Ayvın rəhbərlik etdiyi “LoveFrom” studiyası tərəfindən hazırlanıb.

Xatırladaq ki, may ayında təqdim olunan avtomobilin dizaynı avtomobil həvəskarları və analitiklər tərəfindən “tarixin ən çox tənqid olunan “Ferrari” modeli” adlandırılmış və təqdimat günü şirkətin səhmlərində müəyyən enişə səbəb olmuşdu. Bütün bunlara baxmayaraq, Benedetto Viqna alıcıların müəyyən bir qrupa aid olmadığını, coğrafiya və müştəri profili baxımından son dərəcə zəngin və “yaxşı bir qarışıq” formalaşdığını vurğulayıb.

Pərviz

0