Hekayə 15 il sonra davam edir: Bu dəfə "Facebook"un qalmaqalları danışılacaq

MƏDƏNİYYƏT
20:59 / 28.08.2026
29

“The Social Network” filminin davamı olan “The Social Reckoning” üçün yeni treyler yayımlanıb. “Facebook”un qalmaqallarından bəhs edən filmdə Mark Zukerberqi Ceremi Strong canlandırır.

HİT.az xəbər verir ki, “Facebook”un yaranma dövründən bəhs edən 2010-cu il istehsalı “The Social Network” (“Sosial şəbəkə”) filmi illər sonra davam filmi ilə geri qayıdır. “The Social Reckoning” adlanan yeni ekran əsəri oktyabrın 9-da kinoteatrlarda nümayiş olunacaq. “Sony” də premyera tarixi yaxınlaşarkən filmdən yeni treyler yayımlayıb.

İlk film “Facebook”un yaranmasına, Mark Zukerberq və şirkətin digər təsisçiləri arasındakı mübarizəyə fokuslanmışdı. Davam filmi isə hadisələri illər sonraya daşıyaraq “Facebook”un üzləşdiyi böyük qalmaqallardan bəhs edir.

Filmin əsasını “The Wall Street Journal” qəzetinin 2021-ci ildə yayımladığı “The Facebook Files” adlı silsilə materiallar təşkil edir. Həmin yazılarda “Facebook”un şirkət daxilində məlum olan bəzi problemləri ictimaiyyətdən gizlətdiyi ilə bağlı iddialar gündəmə gətirilmişdi.

“The Social Reckoning” bu sənədlərin üzə çıxmasından sonra baş verənləri və “Facebook”a qarşı siyasi təzyiqlərin artmasını mövzu edir. Mark Zukerberqin Konqres qarşısında ifadə verdiyi proses də filmin əsas süjet xəttlərindən birini təşkil edir.

Yeni film “The Social Network”ün birbaşa davamı olsa da, ilk ekran əsərinin aktyor heyəti tam şəkildə qorunmayıb. İlk filmdə Mark Zukerberq rolunu canlandıran Cessi Ayzenberq davam filmində yer almayıb.

Zukerberq obrazını bu dəfə “Succession” serialı ilə tanınan Ceremi Strong canlandırır. Filmin aktyor heyətində, həmçinin Ceremi Allen Uayt, Mayki Medison və Bill Bör də yer alır.

Kamera arxasında da mühüm dəyişiklik baş verib. İlk filmin rejissoru Devid Finçer “The Social Reckoning” üçün geri qayıtmayıb.

İlk filmin ssenarisini yazan Aaron Sorkin bu dəfə həm ssenarist, həm də rejissor kimi çıxış edir. Sorkin 2017-ci ildə ekranlara çıxan “Molly's Game” filmi ilə rejissorluğa başlayıb və daha sonra öz layihələrini idarə etməyə davam edib.

Beləliklə, “The Social Reckoning” ilk filmin hekayəsini davam etdirsə də, həm baş rol ifaçısını, həm də rejissoru dəyişərək tamaşaçıların qarşısına yeni yaradıcı heyətlə çıxacaq.

Samir


 

0