Kibertəhlükəsizlik üzrə mütəxəssislər aviasiya sektorunda ciddi narahatlıq yarada biləcək fiziki təhlükəsizlik açığı aşkarlayıblar. Cəmi 100 dollara başa gələn və sikkə ölçüsündə olan prototip qurğu vasitəsilə Boeing 737 təyyarəsinin kritik uçuş sistemlərinə müdaxilə etmək mümkün olub.
HİT.az xəbər verir ki, Kaliforniya Universitetinin San-Dieqo kampusu və Oberlin Kollecinin tədqiqatçıları tərəfindən hazırlanan qurğu təyyarənin gövdəsinin altındakı elektron bölmədə yerləşən texniki xidmət portuna qoşulub. Tədqiqatçıların bildirdiyinə görə, həmin bölməyə hava limanı əməkdaşlarının asanlıqla çıxışı var və qoruyucu qapağın kilidli olmaması əlavə risk yaradır.
Wi-Fi imkanına malik modulun təyyarənin simsiz şəbəkəsinə qoşula bildiyi və quraşdırılmasının təxminən 60 saniyə çəkdiyi müəyyənləşdirilib.
Araşdırmada qurğunun uçuş planını idarə edən kompüterlə pilotların istifadə etdiyi ekran arasındakı məlumat axınına müdaxilə edə bildiyi göstərilib.
Bu, sistemə daxil edilən bəzi marşrut dəyişikliklərinin pilotların ekranında görünməməsinə səbəb ola bilər. Nəticədə avtomatik pilotun təyyarəni əvvəlcədən planlaşdırılmamış hava məkanına yönəltməsi mümkün ola bilər.
Tədqiqatçılar həmçinin uçuş üçün mühüm əhəmiyyət daşıyan çəki, balans və xarici temperatur kimi məlumatların da dəyişdirilə biləcəyini bildiriblər.
Araşdırmanın nəticələri Baltimorda keçirilən USENIX Təhlükəsizlik Simpoziumunda təqdim edilib.
Məsələ ilə bağlı ilk məlumatların 2020-ci ildə Boeing şirkətinə çatdırıldığı bildirilir.
Şirkət isə təyyarələrdə mövcud təhlükəsizlik mexanizmlərinin və sistem arxitekturasının real dünyada mümkün hücumların təsirini məhdudlaşdırdığını bildirir.
Tədqiqat aviasiya kibertəhlükəsizliyində yalnız uzaqdan həyata keçirilən şəbəkə hücumlarının deyil, təyyarəyə fiziki çıxış imkanlarının da ciddi risk yarada biləcəyini ortaya qoyur.
Samir


