Alimlər elektrik enerjisi olmadan binaları soyuda bilən nanomaterial hazırladı

TEXNO
19:19 / 19.08.2026
56

İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurasının (CSIC) alimləri günəş şüalarının təsiri altında olan səthləri elektrik enerjisindən istifadə etmədən soyuda bilən yeni nanomaterial hazırlayıblar.

HİT.az xəbər verir ki, araşdırma CSIC-in Mikro və Nanotexnologiyalar İnstitutunun (IMN-CNM) alimləri tərəfindən aparılıb. Tədqiqat passiv radiasiya ilə soyutma texnologiyasına əsaslanır. Bu üsul Yer atmosferində infraqırmızı şüaların 8-13 mikrometr diapazonundan istiliyin birbaşa kosmosa ötürülməsinə imkan verən xüsusiyyətdən istifadə edir.

Alimlər bu məqsədlə polivinilidenflorid (PVDF) adlı polimerdən yararlanıblar. Material günəş şüalarını əks etdirməklə yanaşı, infraqırmızı diapazonda istiliyi səmərəli şəkildə yayır. Bundan başqa, ultrabənövşəyi şüalara davamlıdır, suyu özündən uzaqlaşdırır və müəyyən dərəcədə özünü təmizləmə xüsusiyyətinə malikdir.

Təkmilləşdirilmiş nümunənin günəş şüalarının orta hesabla 82,4 faizini əks etdirdiyi, 8-13 mikrometr diapazonunda isə istiliyin 96,7 faizini yaydığı müəyyənləşdirilib.

Ən isti, quru və günəşli günlərdə ultrabənövşəyi şüalanma ilə işlənmiş materialla örtülən səthin örtüksüz nümunədən 12,9 dərəcə Selsi daha soyuq qaldığı bildirilib.

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə binaların dam və fasadlarında, avtomobillərdə, elektron cihazlarda, eləcə də fərdi soyutma sistemlərində tətbiq oluna bilər. Belə materialların geniş istifadəsi kondisionerlərdən asılılığı və onların yaratdığı enerji tələbatını azaltmağa kömək edə bilər.

Bununla belə, alimlər texnologiyanın hələ inkişaf mərhələsində olduğunu vurğulayırlar. Onların sözlərinə görə, materialın istehsal prosesi nisbətən ucuzdur və mövcud sənaye üsulları ilə uyğunlaşdırıla bilər.

Samir

0