Müasir smartfonlarda yan düymələr yalnız səs səviyyəsini tənzimləmək və cihazı söndürüb-yandırmaq üçün nəzərdə tutulmayıb.
HİT.az xəbər verir ki, Android telefonlarında bu düymələrin bir sıra əlavə funksiyalarından istifadə etmək mümkündür. Bəzi imkanlar isə əvvəlcədən parametrlər bölməsindən aktivləşdirilməlidir.
Ekran görüntüsü
Android telefonlarında ekran görüntüsünü çəkməyin ən sürətli yollarından biri səs azaltma və power düymələrini eyni anda sıxmaqdır. Bu kombinasiya əksər cihazlarda işləyir.
Bəzi müasir smartfonlarda uzun ekran görüntüsü funksiyası da mövcuddur. Beləliklə, uzun məqaləni və ya yazışmanı bir neçə ayrı şəkil əvəzinə vahid görüntü kimi yadda saxlamaq mümkündür.
Fənəri tez yandırmaq
Bəzi telefonlarda power düyməsinə iki dəfə sürətli basmaqla fənəri yandırmaq mümkündür. Eyni hərəkətlə onu söndürmək də olar.
Bu funksiya bütün cihazlarda standart şəkildə aktiv olmaya bilər. Onu telefonun parametrlərində “Jestlər”, “Əlavə parametrlər” və ya oxşar bölmələrdən aktivləşdirmək mümkündür.
Kameranı bir saniyəyə açmaq
Səs azaltma və ya digər yan düyməyə iki dəfə sürətli basmaq bəzi Android modellərində kameranı dərhal işə salır. Bu funksiya xüsusilə vacib anlarda telefonun kilidini açmadan sürətli şəkildə foto çəkməyə imkan verir.
Funksiyanın adı və aktivləşdirmə qaydası istehsalçıdan və telefon modelindən asılı olaraq dəyişə bilər.
Telefon donanda məcburi yenidən başlatma
Smartfon donubsa və ekrana toxunuşlara reaksiya vermirsə, power düyməsini uzun müddət basılı saxlamaq cihazın məcburi şəkildə yenidən başlamasına səbəb ola bilər.
Bu üsul telefonun adi qaydada söndürülməsi mümkün olmadıqda faydalıdır.
SOS funksiyası
Yan düymələrin ən vacib funksiyalarından biri təcili yardım çağırışıdır. Bir sıra Android cihazlarında power düyməsinə ardıcıl beş dəfə basmaqla SOS menyusunu aktivləşdirmək mümkündür.
Bundan sonra ekranda təcili xidmətə zəng etmək üçün seçim görünə bilər. Funksiyanın işləmə qaydası telefon modelinə və əvvəlcədən seçilmiş parametrlərə görə dəyişir.
Mütəxəssislər istifadəçilərə telefonlarının parametrlərində yan düymələr və SOS funksiyaları ilə bağlı bölmələri yoxlamağı tövsiyə edirlər. Bu imkanları əvvəlcədən bilmək fövqəladə vəziyyətdə vaxt qazanmağa kömək edə bilər.
Samir


