EKONOMİKS
15:45 / 25.05.2022
959

Azərbaycanda pensiya yaşının endirilməsinə nə mane olur? - SƏBƏBLƏR

Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı vaxtaşırı təkliflər verilir. Təkliflərdə qadınların 60, kişilərin 63 yaşında pensiyaya çıxması tövsiyə edilir.

Amma hökumətin tutduğu mövqe ondan xəbər verir ki, ölkəmizdə pensiya yaşının azaldılması ehtimalı zəifdir. Rəsmilərin açıqlamalarına görə mövcud şərtlər pensiya yaşının azaldılmasına imkan vermir.

Bəs, hansı amillər pensiya yaşının endirilməsinə mane olur?

Sfera.az xatırladır ki, hazırda kişilər 65, qadınlar 62 yaş 6 ayında yaşa görə pensiyaya çıxa bilirlər. Qadınların pensiyaya çıxma yaşı hər il 6 ay uzadılaraq 2026-cı ilin iyulun 1-dən 65 yaşa çatdırılacaq.

Dünya təcrübəsinə müraciət etdikdə görürük ki, pensiya yaşına təsir edən 2 əsas amil var. Bunlar ölkə əhalisində yaşlı insanların payı və işləyənlərin sayıdır.

Azərbaycan üçün hər iki göstərici gələcəkdə pensiya yaşının azaldılmasını mümkünsüz edir. Belə ki, ölkəmizdə yaşlı əhalinin sayı artmaqla bərabər, işləyənlərin sayının pensiyaçıların sayına olan nisbətində də yetəri qədər yaxşılaşma getmir.

Bu səbəblərdən hökumət pensiya yaşını nəinki azalda bilmir, əksinə yaş həddini bir qədər də artırır.

Azərbaycanın demoqrafik göstəricilərindəki dəyişiklikləri nəzərdən keçirdikdə görürük ki, yaşı 60 və daha yüksək olan insanların sayında artım ümumi əhali sayındakı artımı yüksəkdir. 1991-cı ildə əhalinin 8 faizinin yaşı 60 və ondan yüksək olub. 2000-ci ildə yaşlı əhalinin payı 8,7 faiz, 2010-cu ildə 8,4 faiz, 2020-ci ildə 12,8 faiz olub.

Xüsusən son 10 ildə əhalinin yaşlı hissəsinin sayının daha böyük sürətlə artması müşahidə edilir. Əhali sayında yaşlı insanların payının artması uşaqların sayının azalması ilə əlaqəlidir. 2010-cu ildə əhalinin 32 faizinə yaxını uşaqlardan ibarət olduğu halda, 2020-ci ildə nisbət 28 faizə düşüb.

Bu dinamikanın davam edəcəyi proqnozlaşdırılır. Buna görə də ehtimal etmək olar ki, Azərbaycanda demoqrafik səbəblərdən pensiya yaşının azalması qeyri-mümkündür, hətta 15-20 ildən sonra yaş həddinin bir qədər də artırılması realdır.

Pensiya yaşının artırılmasına təsir edən digər mühüm səbəb rəsmi qaydada işləyənlərin sayının azlığıdır. Beynəlxalq təşkilatların tövsiyəsinə əsasən hər 3 işləyənə bir pensiyaçı düşərsə, pensiyaların maliyyələşdirilməsində problem olmaz. Azərbaycanda 1,7 milyon işləyənə 1,3 milyon pensiyaçı düşür. Başqa sözlə, ölkəmizdə 1,3 nəfər işləyir, 1 nəfər isə pensiya alır. Əgər pensiya yaşı azaldılarsa, o halda 1 işləyənə 1 pensiyaçı düşəcək ki, bu da mövcud pensiyaların maliyyələşdirilməsini çətinləşdirir.

Deməli, pensiya yaşının azaldılması üçün ya əhali cavanlaşmalıdır, ya da rəsmi işləyənlərin sayı çox olmalıdır. Azərbaycanda bunun heç biri olmadığına görə dövlət pensiya yaşını endirmir, əksinə bir qədər də artırır.

0