Fransa Çinlə diplomatik dialoqdan istifadə edərək Pekinin Rusiyaya təsir göstərməsini və Ukraynaya qarşı müharibənin dayandırılmasını istəyir. Bu barədə Fransa Avropa və xarici işlər nazirliyinin sözçüsü Paskal Konfavryo brifinqdə bildirib.
HİT.az xəbər verir ki, məlumatı “Ukrinform” yayıb.
Fransız XİN nümayəndəsinin sözlərinə görə, Rusiya ilə Çin arasındakı münasibətlər Ukraynaya qarşı genişmiqyaslı müharibədən sonra ox ciddi şəkildə təhrif olunub və balanssızlaşıb. O qeyd edib ki, Rusiyanın təcavüzü onun bir sıra beynəlxalq tərəfdaşlardan, xüsusilə enerji və iqtisadi sahələrdə, təcrid olunmasına gətirib çıxarıb və bu da Moskvanın Pekindən asılılığını artırıb.
Fransa bildirir ki, Çinlə daimi dialoq aparır və bu dialoq vasitəsilə Pekinin müharibə ilə bağlı mövqeyinə təsir göstərməyə çalışır: “Bu kanal bizə Çinlə əlaqə qurmağa imkan verir ki, o, Moskva ilə xüsusi münasibətlərindən istifadə edərək bu təcavüzün dayandırılmasına çağırış etsin”.
Parisdə hesab edirlər ki, Çinin rolu onun Kremlinlə sıx siyasi və iqtisadi əlaqələrinə görə həlledici ola bilər.
Fransa bu mövqeyi 2026-cı ildə G7 sədrliyi çərçivəsində müəyyən olunan prioritetlərlə də əlaqələndirir. Bu prioritetlər qlobal iqtisadi balanssızlıqların aradan qaldırılması və iqtisadi təhlükəsizliyin gücləndirilməsinə yönəlib. Parisdə qeyd olunur ki, bu məsələlər dünyada artan geosiyasi gərginlik fonunda daha da aktuallaşır.
G7 liderlərinin sammiti 15–17 iyun tarixlərində Fransanın Evian şəhərində keçiriləcək. Fransa bu görüşü maliyyə, enerji və təhlükəsizlik çağırışlarına, eləcə də Rusiya-Ukrayna müharibəsi və böyük güclər arasındakı qlobal rəqabətə koordinasiyalı cavabların hazırlanması üçün istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, son günlər Vladimir Putin Çinə səfər edib. Onu hava limanında fəxri qaravul qarşılayıb. Səfər çərçivəsində Moskvanın “Sibir gücü-2” qaz kəməri layihəsi ilə bağlı Pekinin yekun razılığını hələ də ala bilmədiyi bildirilir.
Samir


