Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il hesabatına görə, ötən il ölkədə 95 min 117 abort qeydə alınıb. Rəqəmlərin dinamikasına baxdıqda artımın ildən-ilə davam etdiyi görünür. Belə ki, 2021-ci ildə 46 min 877, 2022-ci ildə 57 min 999, 2023-cü ildə 73 min 816, 2024-cü ildə isə 78 min 245 abort faktı rəsmiləşdirilib.
Məlumatlarda qeyd olunur ki, ötən il kontraseptiv vasitələrdən istifadə edən qadınların sayı 31 min 586 nəfər olub. Bu isə ailə planlaşdırılması və qorunma vasitələrindən istifadənin hələ də yetərli səviyyədə olmadığını göstərir. Üstəlik, açıqlanan statistika yalnız rəsmi qeydə alınan halları əhatə edir. Qeyri-rəsmi şəkildə həyata keçirilən və statistikaya daxil edilməyən abortları da nəzərə aldıqda, problemin miqyasının daha böyük olduğu ehtimal edilir.
“Vəfa” Sosial İctimai Birliyinin sədri, sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, cəmiyyətimizdə qız uşaqlarına münasibət hələ də arzuolunan səviyyədə deyil:

“Elə ailələr var ki, üç qız və bir oğlan övladı olduğu halda, bütün diqqət və dəyər yalnız oğlana yönəldilir, sanki ailənin yeganə övladı odur. Bu gün abort qanunvericiliklə məhdudlaşdırılsa belə, dölün cinsiyyəti məlum olduqdan sonra selektiv abortların davam etdiyi açıq görünür və ciddi tədbirlər görülməsə, bu hallar gələcəkdə də davam edəcək.
Çünki mövcud vəziyyətdə təsirli nəzarət və cəza mexanizmləri yetərli deyil. Selektiv abort həyata keçirən şəxslərə qarşı ciddi məsuliyyət tədbirləri tətbiq olunarsa, ümumi abort statistikasında da azalma müşahidə etmək mümkün olar”.
Birlik sədri hesab edir ki, bir çox insanlar sağlam düşüncədən çox, illərlə formalaşmış stereotiplərin təsiri altında hərəkət edir:
“Oğlan uşağını ailənin davamçısı kimi görən köhnə baxışlar hələ də qalmaqdadır. Qız övladları isə bəzi yanlış inanclara görə “başqa evə köçəcək”, “ailəyə maddi yük olacaq” düşüncəsi ilə dəyərləndirilir. Halbuki cəmiyyətin inkişafı üçün qız və oğlan övladına eyni münasibətin göstərilməsi vacibdir”.
Günel Cəlilova


