Bazarda çiyələyin qiyməti ucuzlaşmaq əvəzinə daha da artır.
Faktiki olaraq, yağışlı hava şəraitindən sonra çiyələyin qiyməti daha da bahalaşıb. Maraqlı məqam isə odur ki, satışda yüksək qiymətə təklif olunan çiyələklər dadsız və həddindən artıq iri olur. Bu isə çiyələyin təbii yolla deyil, müxtəlif dərman və kimyəvi vasitələrlə yetişdirildiyi ilə bağlı şübhələr yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, çiyələyin qiymətinin artması yağışlarla bağlıdır:

“Davamlı yağan yağışlar çiyələk plantasiyalarına ciddi ziyan vurur. Belə hava şəraitində məhsulu yığmaq və logistika işlərini həyata keçirmək çətinləşir. Çiyələk ləkləri qurumalıdır ki, məhsul yığımı mümkün olsun. Təchizatda yaranan problemlər isə qiymət artımına səbəb olur”.
Birlik sədri hesab edir ki, hava şəraiti yağışlı keçməsə, qiymətlər hər kəs üçün daha əlçatan olacaq. Həmsöhbətimiz onu da əlavə edib ki, xırda, yumşaq və keyfiyyətli çiyələklər hələ yetişməyib:
“Çiyələk yetişdirənlər məhsulun bazar üçün daha cəlbedici görünməsinə üstünlük verirlər. Yəni çiyələk böyük və parlaq olmalıdır. Təəssüf ki, insanlar da daha çox belə çiyələklərə üstünlük verir. Əsl ekoloji çiyələklərə isə hələlik Bakı bazarlarında rast gəlinmir, bəlkə regionlarda tapmaq mümkündür”.
Günel Cəlilova


