Fransa Avropanı ucuz elektriklə "boğdu": Qiymətlər mənfiyə düşdü

DÜNYA
11:22 / 22.05.2026
47

Fransa enerji sistemində elektrik enerjisi profisiti müşahidə olunur. “Unian”a istinadən yayılan məlumata görə, ölkədə günəş enerjisi istehsalında kəskin artım qeydə alınıb.

HİT.az “Bloomberg”ə istinadən xəbər verir ki, ötən gün günorta saat 13:15 radələrində Fransada günəş enerjisi istehsalı 20 giqavatı keçib. Proqnozlara görə, yaxın iki gün ərzində istehsalın daha da artacağı gözlənilir.

Günəşli hava şəraiti və təxminən 40 giqavat gücündə olan atom elektrik stansiyalarının istehsalı enerji sistemində ciddi profisit yaradıb. Bu səbəbdən Fransa elektrik enerjisini Almaniya, İtaliya və Böyük Britaniya daxil olmaqla qonşu ölkələrə ixracını artırıb və ixrac həcmi təxminən 15 giqavata çatıb.

“Meteo-France” dövlət meteoroloji xidməti bildirib ki, Şimali Afrikadan gələn isti hava dalğası günəşli havanı gücləndirib. Proqnozlara görə, istilər növbəti həftə daha da artacaq, Parisdə həftəsonu temperaturun 31°C-yə, ölkənin cənub və qərb bölgələrində isə təxminən 30°C-yə çatacağı gözlənilir.

Enerji bolluğu nəticəsində günün ikinci yarısında “Epex Spot SE” birjasında elektrik qiymətləri -8 avro/MVt-saat səviyyəsinə düşüb. Cümə günü keçirilən hərraclarda qiymətlər dörd saat ərzində sıfırdan aşağı olub.

Son həftələrdə “Electricite de France SA” şirkəti sistem sabitliyini qorumaq üçün operatorun tələblərinə uyğun olaraq reaktorların fəaliyyətini davam etdirib, hətta qiymətlər düşsə belə istehsal dayandırılmayıb.

Qeyd olunur ki, Avropa İttifaqı ölkələri artıq bir neçə dəfə günəş enerjisi istehsalının pik dövrlərində mənfi elektrik qiymətləri ilə üzləşib. Xüsusilə Almaniya, Fransa və İspaniyada bu cür hallar daha əvvəl də qeydə alınıb.

Mütəxəssislərin fikrincə, günəş enerjisinin sürətli genişlənməsi Avropada elektrik istehsalında əsas mənbəyə çevrilsə də, müvafiq infrastrukturun bu templə ayaqlaşmaması yeni balanssızlıqlar yaradır.

Samir
 

0