“Raul Kastro ətrafında yaranan son gərginlik əslində özündə real geosiyasi böhran elementlərini daşıyır”.
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, bu, indiki situasiyada ABŞ-nin Kubaya dərhal hərbi müdaxilə edəcəyi və ya Kastronun da Venesuela prezidenti Nikolas Maduro kimi qaçırılacağı anlamına gəlməməlidir:
“Hazırda görünən mənzərə daha çox siyasi-psixoloji təzyiq strategiyasını xatırladır. ABŞ federal məhkəməsinin Raul Kastroya qarşı ittiham irəli sürməsi 1996-cı ildə “Brothers to the Rescue” (Xilasetmə qardaşları) adlı təşkilatın iki təyyarəsinin Kuba tərəfindən vurulması ilə bağlıdır. Həmin hadisədə ABŞ vətəndaşları həlak olmuşdu və Vaşinqton indi Kastronu həmin əmrin verilməsində məsul şəxs kimi təqdim edir.
Bu ittihamın hüquqi tərəfi qədər siyasi tərəfi də mühümdür. Çünki Raul Kastro artıq formal olaraq hakimiyyətdə deyil. O, prezident postundan 2018-də, Kommunist Partiyasının rəhbərliyindən isə 2021-də ayrılıb. Buna baxmayaraq, Kuba siyasi sistemində simvolik və qeyri-rəsmi təsiri qalır. ABŞ üçün Raul Kastro sadəcə keçmiş lider deyil, o, qardaşı Fidel Kastrodan sonra Kuba inqilabının və anti-Amerika siyasi xəttinin yaşayan simvoludur”.
Ekspert qeyd edib ki, burada əsas məsələ konkret şəxsin həbsi yox rejimin legitimliyinin sarsıdılmasıdır:
“Vaşinqton Venesuelada Maduro hökumətinə qarşı sərt addımlar atdıqdan sonra regionda “rejim dəyişikliyi zənciri” görüntüsü yaratmağa çalışır. ABŞ administrasiyası Kubanı Karib hövzəsində Çin, Rusiya və İran təsirinin dayaqlarından biri hesab edir.
Savaş gəmilərinin Karib hövzəsinə göndərilməsi də bu kontekstdə baş verir. USS Nimitz da daxil olmaqla hərbi dəniz qüvvələrinin bölgəyə yerləşdirilməsi rəsmi olaraq hazırlıq və çəkindirmə missiyası kimi təqdim oluna bilər. Lakin bu addımın əsas məqsədi psixoloji və strateji təzyiqdir. ABŞ Kubaya mesaj verir ki, enerji böhranı, iqtisadi kollaps və daxili narazılıq fonunda Havana artıq əvvəlki qədər təhlükəsiz deyil”.
Həmsöhbətimiz hesab edir ki, ABŞ-nin Raul Kastronun qaçırması ehtimalı hələlik daha çox media və siyasi spekulyasiya xarakteri daşıyır:
“Maduro ilə bağlı əməliyyat modeli fərqli idi. Venesuela daxilində parçalanmış təhlükəsizlik sistemi, daxili xəyanətlər və regional əməkdaşlıq ABŞ üçün imkan yaratmışdı. Kubada isə vəziyyət fərqlidir. Kuba təhlükəsizlik aparatı daha mərkəzləşmiş və ideoloji cəhətdən bağlı sistemdir. Üstəlik Raul Kastro 94 yaşındadır və aktiv idarəetmədə deyil. Buna görə də onun qaçırılması ABŞ üçün həm hüquqi, həm diplomatik, həm də hərbi baxımdan çox risklidir”.
Rəşad Bayramovun sözlərinə görə, Vaşinqtonun məqsədi Raul Kastronu məhkəmə qarşısına çıxarmaqdan daha çox Kuba elitasına xəbərdarlıq etməkdir ki, Maduro modeli Kubada da tətbiq oluna bilər:
“Bu, xüsusilə Kuba ordusu və təhlükəsizlik aparatında parçalanma yaratmaq üçün istifadə olunan təzyiq vasitəsidir. Yəni hazırkı mərhələdə birbaşa xüsusi əməliyyat ehtimalı elə də yüksək görünmür. Amma iqtisadi blokada, siyasi təcrid, hüquqi təzyiq və psixoloji müharibənin daha da sərtləşəcəyi ehtimalı yüksəkdir. ABŞ indi Kubanı hərbi yolla deyil, daxildən zəiflətmək strategiyasına üstünlük verir”.
Pərviz



