Kübar olmaq zəiflikdir?

SOSİAL
12:30 / 22.05.2026
106

“Bəzi insanlar əslində çox nəzakətli və anlayışlı olduqları üçün kübar davranırlar”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, bəzi insanlar da kübar davranmağın qarşılığında eyni münasibəti görmədiklərini düşünürlər:


“Bunun səbəbi isə əksər hallarda qarşı tərəfdəki insanların kübarlı zəifliklə qarışdırmalarıdır. Bəzi insanlara elə gəlir ki, qarşısındakı insan onla kübar, nəzakətli və anlayışlı davranırsa zəifdir. Çox təəssüf ki, hazırkı dövrdə sakit, anlayışlı, həddini aşmayan insan “sərhədi olmayan” kimi qəbul edilir. Əslində bu belə deyil”.

Ekspert qeyd edib ki, kübarlıq hər şeyə susmaq kimi görünməməlidir:
“Kübarlıq mehriban, anlayışlı olmaqdır, amma bütün səhvlərə susmaq və ya dözmək deyil. Sadəcə müasir dövrdə aqressiya daha görünən və dominant olduğu üçün sakit və etik davranış bəzən diqqətsiz qalır. Çünki insanlar çox vaxt sərt reaksiyanı güc kimi görürlər. İnsanlar düşünürlər ki, biri sərt danışır və kəskin şəkildə cavab verirsə güclüdür. Hətta belə şəxsləri dobra belə adlandırırlar”.

Psixoloq diqqətə çatdırıb ki, sözü üzə demək sərt danışmaq demək deyil: 
“Əgər qarşımızdakı ilə dürüst şəkildə danışmaq istəyiriksə, sözü acı və sərt deməyimizə ehtiyac yoxdur. Ancaq çox təəssüf ki, indiki dövrdə sərt danışanı “doğru və dürüst insan” kimi qəbul edirlər. Hərçənd ki, mülayim və insani şəkildə də belə fikrini ifadə etməyi bacarmaq ən böyük dürüstlükdür. Digər tərəfdən, kübar insanların bir hissəsi qarşı tərəfi narahat etməmək üçün öz sərhədlərini həddindən artıq geri çəkirlər. 

Yəni qarşısındakı insanın qəlbinə toxunmamaq və onu anlamağa çalışmaq üçün öz sərhədlərini həddindən artıq açmağa başlayırlar. Elə problem də buradan başlayır. Çünki sərhədsiz yaxşılıq bir müddətdən sonra qarşı tərəf tərəfindən bir vəzifə kimi görülür. Yəni kübar davranan insana sanki belə davranmağa borcluymuş kimi yanaşılır”.

Mütəxəssisin sözlərinə görə, insanlar hər zaman ən yaxşı davrananı yox, özündə emosional təsir yaradanı xatırlayırlar:
“Bu səbəbdən də bəzən sakit və kübar insan sanki görünməz olur. Ancaq bu o demək deyil ki, kübarlıq dəyərsizlikdir. Sadəcə kübarlıq sərhədlə və anlayışla bir yerdə olduqda gücə çevrilir. 
Ən sağlam insan həm nəzakətli, həm də lazım olan yerdə sərhəd qoymağı bacaran insandır.

Yəni problemin kökü budur ki, insanlar kübarlığı xarakter keyfiyyəti kimi yox, sonsuz dözümlülük kimi başa düşürlər. Halbuki ən böyük sakitlik bəzən ən çox özünü idarə edə bilən insanlarda olur”.

Pərviz 

0